Ana Səhfə

İyirmi illik igid ömrü – Kəmalə Səlim yazır

Sharing is caring!

Bu gənc yaşımda…
Yarlı-yaraşıqlı, qamətli, qızların sevimlisi olan gəncin həyat tarixçəsini vərəqlədikcə, ailə üzvlərini, dost-tanışlarını, cəbhə yoldaşını dinlədikcə heyrətlənir, kədərlənir, təəssüflənir və qürurlanıram. Jurnalist etikasının, müharibə qanunlarının və hələ də davam edən atəşkəsin imkan verdiyi “nəfəslik” havasında fikirlərimi sizinlə bölüşməyə çalışacağam.
Azərbaycanın düşmənlə sərhəddə yerləşən hərbi hissələrində xidmət edən əsgərlərimiz əsl döyüş yolu keçirlər. Belə əsgər-döyüşçülərdən biri – şəhid Cəfərov Zakir Nazim oğludur. 3 may, 1996-cı ildə Bakıda dünyaya gələn Zakir körpəlikdən çox əziyyət çəkib. İllərlə müalicə alıb, bunu isə bacardıqca hamıdan gizlətməyə çalışıb. Ən böyük qorxusu isə hərbi xidmətə çağrılmamaq olub. Əsgərliyə gedə bilmək üçün nə qədər əsəb keçirib: “Artıq özümü əla hiss edirəm, ağrıyan yerim yoxdur, heç nədən şikayətlənmirəm. Mütləq surətdə əsgər adını qazanmalıyam.” Təkrar tibbi baxışdan keçdikdən sonra həkimlərin müsbət rəyini alıb hərbi xidmətə yola düşüb. Dostuna göndərdiyi səsli ismarıcı dinləyəndə bir gəncin ürəyindəki əzmlə, vətən eşqilə fəxr etdim. Xidmətə, əslində isə döyüşmək üçün cəbhəyə getmək üçün planlar cızır, çarə axtarırdı bu gənc… Bəzilərinin min bir bəhanəylə yayınmaq istədiyi xidmətə Zakir toy-bayram əhval ruhiyyəsində yola düşüb. Orada da ilk gündən nizam-intizamı, az rastlanan ötkəm xarakterilə diqqəti cəlb edib. Həm əsgərlərin, həm də zabit heyətinin diqqəti ona yönəlib. Haqqında danışan hamı “Onu yaşlı-başlı kişi kimi xatırlayırıq ” deyir. Bu, belə idi. Çünki Zakir anasının himayəsində böyümüş, müəllimə işləyən Kəmalə xanım ona və qardaşı Camala həm ana, həm də ata olmuşdu. Anasının onsuz da az olmayan qayğılarını azaltmaq üçün Zakir heç vaxt ona şikayətlənməyib, heç zaman narazılığını dilə gətirməyib. Hər zaman pozitiv olub, yetər ki, dünyalar qədər istədiyi anasının gözlərində kədər görməsin. Əvəzində gələcək haqqında bir-birindən işıqlı arzularını bölüşərdi anasıyla…
Əksər gənclərdən fərqlənib Zakir. Zövqü, həyata baxışı, ən ümdəsi, musiqi zövqü ilə. Milli musiqimizi sevən Zakir muğamlarımızın aşiqiydi. Tək qalanda onları dinləməkdən doymazdı. Şüştər muğamını dinləyib dalardı. Onun bədii, ruhi cəhətdən aşıladığı dərin kədər hissi onu başqa aləmə aparardı. Bəli, bu, mənim musiqimdir, iç dünyamdır. Keçmişimdir, mənim könül dünyamın aynasıdır. Şəhriyar İmanovu, Ağasəlim Abdullayevi, Möhlət Müslümovu saatlarla dinləyərdi. Əbülfət Əliyevin ifasında şüştər təsnifini daha çox sevirdi. O, bu dünyanın adamı deyildi. Bəlkə də özünün atası, babası idi. Kim bilir bəlkə də ulu babası idi. Elə bil keçən əsrin ilk yarısından gəlib düşmüşdü bu dünyaya. Buna görə də öz yerinə çatmağa yaman can atırdı.
Yaman olur halımız,
Səhv düşəndə yerimiz…
2002-ci ildə Bakı şəhər Nizami rayonu 201 saylı məktəbin 1-ci sinfinə daxil olur. İbtidai təhsilini bu məktəbdə başa vurur. Sinif rəhbəri Hicran Axundova onu belə xatırlayır: ” Hamıya qarşı mehriban idi – həm qızlara, həm də oğlanlara. Dərsə nənəsi Firəngiz xanım gətirərdi. Onun qayğısına qalar, nazını çəkərdi. (Zakiri əziyyət çəkdiyi xəsətəliyinə görə nəzarətsiz qoymurdular) Eyni zamanda mənə sinif işlərində kömək edərdi. Zakir şən uşaq idi, siması həmişə təbəssümlü olardı. Amma dərin nisgil gözlərindən heç əksik olmazdı”.
Sonra təhsilini Nizami rayonu 109 saylı məktəbdə davam etdirir. Dostu Şəmsi Səfərov o günləri belə xatırlayır: ” Zakir bizim sinfə gələndə zərrə qədər yadlıq hiss etmədik. Elə ilk günlərdən qaynayıb-qarışdıq. Onun insanı cəzb edən xoş bir enerjisi vardı. Və bizim çox möhkəm dostluğumuz yarandı”. 8-ci sinifdə oxuyarkən 20 Yanvar gününə həsr olunmuş sinif təşkilat saatında “Mən Ağdamlıyam, böyüyəndə hərbçi olacaq və torpaqlarımızın azad edilməsində şəxsən mübarizə aparacağam” deyir. Azərbaycan tarixi fənnini tədris edən Xoşqədəm Mirzəyeva Zakirin tarixə çox bağlı olduğunu qeyd edir. “İşğal altında olan torpaqlarda gedən döyüşlər, orada şəhid olan, igidlik göstərən qəhrəmanlar barədə çoxlu suallar verirdi. Kaş mən də tez böyüyüb cəbhəyə yollanaydım, onlar kimi vətənin bütövlüyünü qoruyaydım, o igidlər kimi vuruşaydım deyirdi. Fikri-zikri cəbhə bölgəsindəydi”.
9-cu sinfi bitirən Zakir Cəfərov həmin il – 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi və istismarı” fakultəsinə daxil olur. Oxuduğu dörd il müddətində müəllim və tələbə heyətinin hörmət və sevgisini qazanır. Ömrünün ən gözəl çağlarını bu kollecdə keçirir, çoxlu dost qazanır. Onu “Dost yolunda canından keçməyə hazır olan oğul” kimi xarakterizə edirlər. Bu gün Zakirin dostları onun yoxluğunu ailəsinə hiss etdirmir, pərvanənin şama cəzb olunduğu kimi anası Kəmalə xanımın, nənəsi Firəngiz xanımın ətrafında cəm olurlar. Zakirin dostlarının bütün şad günlərinin ən əziz qonağı Kəmalə xanım olur. Zakir 2015-ci ildə kolleci bitirir. 2016-cı ilin yanvar ayının 7-sində Nizami rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə yola düşür. Artıq illərlə arzuladığı an yetişir – o, hərbi xidmətini cəbhə bölgəsində həyata keçirir. Aprel döyüşlərində fəal iştirak edən Zakir 2016-cı ilin avqust ayının 7-sində 10 günlük məzuniyyətə gəlir. Bu, Zakirin ailəsi ilə sonuncu görüşü olur. O, anasının hərbi hissəyə gəlməsinə icazə vermirdi. Hər dəfə deyirdi: ” Gəlməyin, onsuz da qayıtmağıma az qalıb.”
Zakirin xidmətinin 13-cü ayı idi. Xocalı faciəsi ərəfəsində düşmən yenə mövqelərimizi cəbhənin bütün istiqamətlərindən atəşə tuturdu. Səhəddə gərginlik artırdı. Müdafiə naziri cənab Zakir Həsənov bölgəyə səfər edir. 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə Xocavənd-Füzuli istiqamətində hərbi hissənin dörd zabiti və manqa komandiri Zakir Cəfərov kəşfiyyata göndərilir. Zakir beş nəfərlik kəşfiyyat qrupunun istehkamçısı idi. O, arxasınca addımlayan dörd zabitin təhlükəsizliyini canı ilə qoruyur, onun işarələdiyi, müəyyənləşdirdiyi minasız cığırla kəşfiyyatçı zabitlər-döyüş yoldaşları irəliləyirdi. Bu kəşfiyyat xüsusi əhəmiyyət kəsb etdiyindən ən say-seçmə hərbçilər cəlb olunmuşdu. Çox təəssüflər olsun ki, igidlərimiz hədəfə lap az qalmış düşmən mövqedən açılan atəşlə qətlə yetirildilər. Və biz bunu düşmən KİV-nin yaydığı video materialda gördük. Yəqin ki, müharibə bitdikdən sonra daha təfərrüatlı bilgilər əldə edər, söyləntilərdəki uyğunsuzluğu yaradan səbəbləri öyrənə bilərik. Hələ ki, müharibə vəziyyətindəyik və eşidib öyrəndiklərimizi saf-çürük edib yazmaq məcburiyyətindəyik. Həmin gün Azərbaycan ordusu kəşfiyyat rəisi mayor Abdullayev Aqşin, kəşfiyyat bölük komandiri baş leytenant Nəzərov Şahlar, kəşfiyyat taqım komandiri Haşımlı Tural, çavuş Zülfi Qədimov və əsgər Cəfərov Zakiri itirdi. Və beləliklə, 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə Azərbaycan ordusunun beş ən güclü kəşfiyyatçısı insanlığın ən ali zirvəsi – Şəhidlik zirvəsinə ucaldı. Hərbçilərimizin nəşi iki gün neytral zonada qalır, onları götürmək mümkün olmur. Fevral ayının 27-si ATƏT-in məsələyə qarışmasından sonra onlar həmin zonadan çıxarılır və 28-i beş hərbçimiz böyük izdihamla son mənzilə yola salınır. Ölümündən sonra onlar cənab Prezidentin sərəncamı ilə 14 oktyabr 2016-ci ildə təsis edilmiş “Şücaətə görə” medalı ilə təltif olunurlar. Zakir bu medala layiq görülən ilk əsgər kimi tarixə düşür.
Dayısı Vüqar Abdullayev: ” Çox optimist uşaq idi. Bu qədər əlaqə saxladım onunla, bir dəfə şikayət etmədi. Həmişə hər şey yaxşıdır, narahat olmayın, siz özünüzdən muğayat olun dedi”.
Məzunu olduğu kollecdə binaya daxil olan kimi Zakirin barelyefini gördüm. Sonra eşitdim ki, onu dünyalar qədər istəyən müəlliməsi Nərmin xanım sevimli tələbəsinə yadigar olaraq şəxsi vəsaiti hesabına düzəltdirib.
Xalası Günarə Abdullayeva: ” Sürpriz etməyi çox sevirdi. Məzuniyyətə xəbərsiz gəlmişdi, bir də gördüm bacım həyəcanından qışqırır. Yuxuda olan anasını öpüb, əllərini alıb əlinə. Adilikdən heç xoşu gəlməzdi, hər şeydə fəqli idi”.
Qardaşı Camal Cəfərov ” O, mənə ata əvəzi idi. Qəlbimdəki boşluğu sözlə ifadə edə bilmirəm. O, qardaş, dost və böyüyüm idi. Onun yerini doldurmaq heç zaman mümkün olmayacaq”.
Dostu Arzu Qasımov: ” Zakir qibtə olunacaq zirvəyə ucaldı, onun dəfnində elə bir izdiham var idi ki, tanıyıb-tanımayanlar da onu haqq dünyasına yola salmağa can atırdılar. Bu, hər kəsə nəsib olacaq tale deyil”.
Anası Kəmalə xanım Abdullayevanın göz yaşları ilə söylədikləri: ” Mənə deyirdi ki, ana, müharibənin bilirsən nəyi yaxşıdır? Deyirdim a bala, müharibənin yaxşı yanı var ki? Təəccüblü baxışlarım altında ” Hə, əlbəttə var. Ən azından il yarım çarpayıda yatacam”- deyirdi. Ürəyinə qurban olum onun, ən kədərli həyat tarixçəsini də lətifəyə çevirə bilirdi. Onunçün çox darıxıram. Elə bilirəm ki, bir gün qapı açılacaq, hər zaman etdiyi kimi qəfildən gələcək. Nə olur-olsun, biz onunla görüşəcəyik. İki ildir ki, fevralın 23-də yuxuma gəlir, ana, səninçün darıxıram deyir. Bunun yuxu olduğuna inanmaq istəmirəm. Reallığa çevrilməsi üçün hər şeydən keçməyə hazıram”.
Fevralın 25-də xalası Gülnarə xanım Zakirin telefon nömrəsinin son rəqəmlərinə fikir verib tədirgin olub: “İndiyə kimi diqqət etməmişdim, son rəqəmlər 2017 – dir ki. Allah özü xeyirə calasın”. Bir qədər sonra televiziyadan bacısı oğlunun-dostunun adını eşidən Gülnarə xanım özündən gedib, təcili tibbi yardım komandasının gəlişindən sonra özünə gəlib.
Zakir Səxavət Məmmədovun ifasında söz və musiqisinin Cəfər Cabbarlıya aid olduğu söylənilən “Azad bir quşdum” mahnısını dinləməyi çox sevirmiş. Bu zaman gözlərində dərin kədər yaranırmış. Anası mahnının sözlərini dinləyər, bu mahnını niyə bu qədər sevməsinin səbəblərini arayar, çox kədərlənərmiş. Övladının taleyinin də belə olması onu qorxudarmış:
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda…
Zakir fevralın 23-də, ömrünün bitməsinə bir gün qalmış anasıyla telefon əlaqəsi saxlayıb. Mənimçün narahat olmayın, hər şey yaxşıdır. Nigarançılığa əsas yoxdur deyib. Qrup yoldaşı olan dostuna zəng edərək, onunla halallaşıb, bu gün şəhid olacağam deyib. Xocəvənddə baş verən gərginlik, ordunun canlı itki verməsi barədə informasiyalar KİV-ə ayaq açanda Kəmalə xanım çox əsəbləşib. Ürəyində “Mən heç, balamla dünən danışmışam, bəs başqa analar nigarandırlar, axı. Ümumi danışıb hamını həyəcana salmaq düz deyil, ad çəkmək lazımdır ki, heç olmaya digərləri nəfəs ala bilsinlər”. Hər vəchlə bu itkidə onun övladının olma ehtimalını özündən uzaqlaşdırmağa çalışıb. “Bizim Cəbiş müəllim” filmində ərindən “qara kağız” alan qadının “Bu məktub mənə deyil” dediyi epizodu xatırladım. Zaman da, müharibələr də dəyişir, ancaq ana ürəyi, arxa cəbhədə olanların düşüncələri, hadisələr həmişə eyni cür təkrarlanır…
Beş hərbçimizin nəşinin neytral zona adlandırılan ərazimizdən çıxarılmasında iştirak edən istehkamçı əsgər – Zakirin can dostu Namaz Batıyevin dediklərindən:” Əvvəl ayağından vurmuşdular. Mənim şərfim onda idi, ayağını möhkəm sıxıb bağlamışdı. Xeyli sürünmüşdü səngərimizə tərəf. Düşmən onu əsir götürmək istədiyindən ətrafına xeyli atəş açmışdı. Amma Zakir dayanmamış, var – gücü ilə öz mövqelərimizə tərəf sürünmüşdü. Sonda boğazından atəş açıb vurmuşdular. Mən ona çatanda, üzünə diqqətlə baxdım. Dostum qarşımda hərəkətsiz uzamışdı. Heç cür inana bilmirdim ki, yanaşı yatdığım, dərd, sirr ortağım həyatda yoxdur. Ovcunu açdım, əlində iki valerian həbi, bir də istehkamçının ( mina axtaranın ) yol xəritəsini göstərmək üçün istifadə etdiyi ip vardı. Mən çiynimdəki cihazı yerə qoydum və hər şeyi unutdum. Komandirimin qışqırtısı məni ayıltdı və Zakiri qucağma alıb təxliyə qrupunun xərəyinə uzatdıq. Sonra komandir “Hələ şahları da götürməliyik ” dedi. Bir qədər də irəliləyib onu da götürdük. Uzun müddət baş verənlərin reallığına inana bilmədim”. Namaz Batıyev Zakirin ildönümünə “Mənim dünya boyda böyükdür dərdim” adlı ürəkləri dağlayan şeir həsr etdi.
İstehkamçıların içərisndə ən qabiliyyətli və qorxmaz dörd əsgərdən biri olan, döyüş yoldaşlarının söylədikləri kimi hamıya yardım edən, düşmən üstünə şir kimi gedən iyirmi bir yaşı tamam olmayan şəhid Zakir Nəcəfovun ömür yolu beləcə tamamlanır. Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. Nə qədər ki, Azərbaycan var o, vətənpərvər insanların qəlbində daim yaşayacaq. Ruhun şad olsun, igidim! Səhəndin “Fədailər marşı”ndan bir bəndi sənə və sənin timsalında bütün şəhidlərimizə ərməğan edirəm:
Düşmənlərin gülləsiylə qana batam gərək mən,
Vətən üstə pərələnsin bədənimdə pirəhən,
Qoy mən ölüm, zalimlərdən pak olsun bu vətən,
Çox razıyam cəbhədə mən basdırılım bikəfən,
Çün azadlıq istəyirəm, bir az azad bir Vətən!
Kəmalə Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir