Ana Səhfə Müsahibə

İordaniyalı jurnalist: “Qarabağ bölgəsində baş verən hadisələrə yaxşı bələdəm” – MÜSAHİBƏ

Sharing is caring!

Qlobal Jurnalistlər Şurasının İordaniya təmsilçisi, İordaniya Xəbər Agentliyinin (PETRA) Mədəniyyət və Gənclik şöbəsinin rəhbəri, redaktor Majdi Tall  müsahibə verib.

Majdi Tall əməkdaşımızla söhbətində dünyada, o cümlədən İordaniya və Azərbaycanda jurnalistikanın durumu, müsbət və mənfi məqamlar haqqında fikirlərini bölüşüb.

– XXI əsrin jurnalistikasına nəzər saldıqda, hansı yeniliklərin, dəyişikliklərin şahidi oluruq?

– Qısaca onu deyə bilərəm ki, söz azadlığının rəsmi olaraq basdırılması, müxtəlif ölkələrdə baş verən terror aktları, elektronik aləmdəki sürətli yeniliklər dünyanın hər yerində jurnalistika üçün gərgin bir vəziyyət yaradıb.


– Bəs, İordaniyada jurnalistika sahəsinin hansı üstünlükləri, perspektivləri var?

– İordaniya media cəmiyyətinin ümid və gözləntiləri yuxarıda bəhs etdiyim vəziyyətə görə dünyadan heç də uzaq deyil.


– Ölkənizdə jurnalistikanın üzləşdiyi problemlər, jurnalistlərin qarşılaşdığı çətinliklər nələrdir?

– Ən önəmlisi söz azadlığına gətirilən məhdudiyyətlərdən başqa, elektron medianın inkişafı ilə çap mediasında, xüsusilə qəzet istehsalında yaranan çətinliklərdir. Amma bir məqamı qeyd etməliyik. Özünü dünyanın ən demokratik ölkəsi hesab edən Amerikada belə jurnalistika bir çox məhdudiyyətlə üzləşdiyi halda bizim ölkəmizdə də bu hala rast gəlinməsi normaldır.


– Dünya media nümayəndələrinin bir araya gəlməsində Qlobal Jurnalistlər Şurası kimi regional və qlobal platformaların rolunu necə qiymətləndirirsiniz?

– Fikrimcə, bu təcrübələri mühakimə etmək üçün hələ tezdir. Amma jurnalistlərin müxtəlif mövzuları tərəfsizlik və peşəkarlıqla ələ alan obyektiv bir media qurumu yaratmaları müsbət bir addımdır.


– Azərbaycanla bağlı qlobal problem hamıya məlumdur. Ermənistanla Azərbaycan arasında 30 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Bu barədə bir məlumatınız varmı və Azərbaycan mediasına, jurnalistlərinə nə tövsiyə edərdiniz?

– Qarabağ bölgəsində baş verən hadisələrə yaxşı bələdəm və məncə, bu cür məsələlər dünya müharibələrindən, sosialist ölkələrin yıxılmasından qalan köhnə problemlərlə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatların quruluş səbəbi siyasi məsələlərə həll yolları tapmaq olsa da, təəssüf ki, bu qurum son otuz ildə milyonlarla miqrantla nəticələnən müharibələrə dəstək verib. Bunların arasına Ermənistan- Azərbaycan, Suriya məsələsi, Əfqanıstanın işğalını da daxil etmək olar.


– Müasir jurnalistikanın inkişafından danışdıq. Bəs bu sahədə problemlər varmı?

– Jurnalistika və modern mediadan danışarkən, qeyd edim ki, son iyirmi ildə qlobal dünyanın dəyişməsinin nəticəsi olaraq yaranmış yeniliklərlə qarşılaşırıq və bunu Suriya, Misir, “Ərəb baharı” kimi məsələlərdə gördük. Məncə, qlobal aləmdə media nümayəndələrinin yaşadığı çətinlikləri bir neçə sətirdə ifadə etmək yetərli olmaz. Müxtəlif faktorlar – texnologiya sahəsində inkişaf, ard-arda baş verən siyasi problemlər, terror, müharibə, bu zaman ərzində media sahəsinin təhrif olunmasına gətirib çıxardı. Bu dəqiqə tərəflər arasında gedən “soyuq müharibə” üçün media ən təhlükəli silah hesab olunur.


– Bu günün jurnalisti hansı keyfiyyətlərə, üstünlüklərə sahib olmalıdır?

– Hazırda jurnalist  maraqların toqquşduğu və iç-içə keçmiş bir dünyanın işığında vəzifəsini daha dərin, daha peşəkar və obyektiv bir formada yerinə yetirmək, yeni xəbər mənbələri tapmaq üçün daha çox çalışmalıdır.


– Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vəziyyətdə, mətbuatın, jurnalistlərin üzərinə hansı vəzifələr düşür?

– Pandemiya şəraitində medianın vəzifəsi, hökumətləri artıq heç bir mənası olmayan siyasi rəqabətlərdən uzaqlaşdırıb, kütləvi ölümlərə səbəb olan bu virus üçün yeni müalicə üsulları tapmağa səsləməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir