Ana Səhfə

Öz bakirəliyini internet hərracda satan azərbaycanlı qıza nə de(mə)yəsən…

Sharing is caring!

Qiymət Məhərrəmli:“Bu cür əxlaqsızlıq nümunələrini yayan, təbliğ edən, öz simasında nümayiş etdirən adamlara qarşı cəmiyyət və  ziyalılar olaraq barışmaz olmalıyıq”

 

Azərbaycan qadını, qızı tarixən başqa xalqlardan öz mühüm göstəriciləri ilə seçilib. Bizim toplumda qız, qadın hər zaman ismət, əxlaq mücəssiməsi kimi xarakterizə edilib. Qızlarımız öz ismətləri, əxlaqları ilə tarixdə nümunə olublar. Milli-mənəvi dəyərlərə, adət və ənənələrə, ailə mədəniyyətinə ciddi bağlı olan Azərbaycan xalqı son zamanlar bəzi xoşgəlməz, mənfi təsirlərlə qarşılaşıb. Qloballaşma dalğasının gətirdiyi bir sıra nəsnələr var ki, onlar artıq gənclərimizin düşüncəsinə, beyninə, həyat tərzinə sirayət etməyi hədəfləyib.  Bəzi gənclər hətta o təsirlərə uyaraq xalqımızın adına yaraşmayan, adət-ənənələri, mentaliteti ilə uzlaşmayan hərəkətlərə yol verir.

Biz son illər tez-tez xarici mətbuatda Avropada, Amerikada, yaxud Latın Amerikasında hanısa bir yeniyetmə və gənc qızın bakirəliyini hərraca çıxarması və ondan böyük məbləğdə vəsait əldə etməsi haqqında oxuyuruq. Sosial şəbəkələrdə, xarici mətbuatda bu barədə çoxlu yazılar, fikirlər və müzakirələr yer alır. Bu xəbərlər, sözsüz ki, Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.  İndi də sosial mediada, şəbəkələrdə azərbaycanlı qızın öz bakirəliyini hərraca çıxarmasına dair xəbərlər yer alır.

Qeyd edilir ki,  bir müddət əvvəl bakirəliyini satışa çıxarması xəbəri ilə medianın gündəminə gələn azərbaycanlı model Məhbubə Məmmədzadəyə təkliflər gəlməkdə davam edir.

Bir azərbaycanlı qızının öz bakirəliyini hərraca çıxarması həqiqətən də ölkəmizdə müsbət qarşılanmır. M.Məmmədzadənin bu addımını qınayanlar hesab edir ki, Azərbaycan qızının ən böyük var-dövləti olan bakirəliyinin hərraca çıxarılması yolverilməzdir. Onun kimilərinin atdığı addımların gənc qızlar tərəfindən təkrarlana biləcəyindən ehtiyat edən ekspertlər qeyd edir ki, bu məsələ qızlar arasında əxlaqızsığın yaranmasına gətirib çıxara bilər.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bakı-xeber.com-a bildirdi ki, bir azərbaycanlı qızın öz bakirəliyini hərraca çıxarması, ona konkret qiymət qoyması həqiqətən də mənfi bir haldır. “Bizim elə dəyərlərimiz var ki, onlara münasibətdə çox həssas olmalıyıq. Bakirəlik Azərbaycan qızının bir simvoludur və kimsə öz bakirəliyini milyardlarla insanın gözü qarşısında sosial şəbəkədə, internetdə satışa çıxarırsa, bu qəbuledilməzdir. Azərbaycan qızının bu hərəkəti heç bir vaxt normal qəbul edilə bilməz. Hesab edirəm ki, bu hal sərt şəkildə qınanmalı və  pislənməlidir. Bilirsiz, bəlkə də kimlərsə kənardan çıxıb “sizin nə işiniz var, bu onun şəxsi işidir” deyə bilər, amma onlara demək istəyirəm ki, bu onun öz “şəxsi işi” deyil, çünki azərbaycanlı adı daşıyır. Bu adı daşıyan hər kəs bu xalqın adını ucaltmalı, şərəfini qorumalıdır. Onun hərəkəti ölkəmizdə yüzlərlə bakirə qız üçün pis örnəkdir. Bəlkə qızlar arasından elələri çıxacaq ki, onun kimi öz bakirəliyini sosial şəbəkədə, internetdə satışa çıxaracaq, hanısa əcnəbi 2-3 milyon pul verib onu əldə edəcək. Bəs sonra? Dünya mediasında azərbaycanlı qızlarla bağlı mənfi rəylər yer alacaq. Bundan ermənilər sui-istifadə edib bu məlumatın əsasında  nağıllar quracaqlar. Düşünürəm ki, bir azərbaycanlı qızın öz bakarətini internet vasitəsilə hərraca çıxarması bizim milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə ziddir və qızlarımız üçün çox pis bir örnəkdir. Belələri cəmiyyətdə əxlaqıslığın yayılmasına çalışanlardır”-deyə F.Hacıbəyli qeyd etdi.

 

Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Qiymət Məhərrəmli də düşünür ki, öz bakirəliyini hərraca çıxaran və onu artıq bir əcnəbiyə satan bir azərbaycanlı qızın atdığı addım cəmiyyətimizdə çox mənfi hallar yaranmasına səbəb ola bilər. O qeyd etdi ki, bu aşkar şəkildə əxlaqıslığın təbliğ edilməsidir. “Çox təəssüf ki, bir azərbaycanlı qız belə bir işə yol verib. İnanın ki, bu cəmiyyətimizdə çox mənfi bir hal kimi qarşılanır. Qloballaşmanın, eləcə də internetin, sosial şəbəkələrin bizə gətirdiyi bəlalardan biri qızların bu yola əl atmasıdır. Bir qızın öz bakirəliyini internetdə hərraca çıxarması o deməkdir ki, sabah o öz bədənini də internet vasitəsilə kimə gəldi sata bilər. Bu əxlaqızlıqdır. Cəmiyyətimizdə belə şeylər ciddi tənqid edilməli və elələrinə qarşı ictimai qınaq göstərilməlidir. Bilirsiz, bəzi saytlar, sosial şəbəkələr, elektron KİV açıq şəkildə əxlaqızlığı təbliğ edir. Bu qızın da bakirəliyini hərraca çıxarması xəbərini və onun nəticələrini tirajlayırlar. Əslində, bakirəliyini hərraca çıxaran qızın bu hərəkətini xəbər kimi tirajlamaq yox, əxlaqsızılığı təbliğ etdiyi üçün sərt şəkildə tənqid etmək, pisləmək lazımdır. Bilirsiz, bu kimi hadisələr gənc qızların həyatını məhv edir, gələcəyini təhlükə altında qoyur. Bu cür əxlaqsızlıq nümunələrini yayan, təbliğ edən, öz simasında nümayiş etdirən adamlara qarşı cəmiyyət və  ziyalılar olaraq barışmaz olmalıyıq”-deyə Q.Məhərrəmli vurğuladı.

İradə SARIYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir