Ana Səhfə

Bakıda yaşayan Naxçıvanlılar “Xıdır Nəbi” bayramını təntənəli qeyd etdilər

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasının 95 illiyi və Xıdır Nəbi bayramı münasibətilə Bakıda yaşayan naxçıvanlılar tərəfindən 10 fevral 2019-cu il tarixdə Atlantis şadlıq evində tədbir keçirilib.

 

XəbərAl.az –ın məlumatına görə ,  Tədbirin əsas mahiyyəti qədim tarixə malik Xıdır Nəbi bayramının tanıtımı, unudulmaması və gənc nəslə çatdırılması olub. Təşkilatçılar Naxçıvana məxsus digər qədim xalq bayramları və mərasimlərinin bundan sonra da Bakıda qeyd ediləcəyini bildirib. Stolların üzərinə ənənəvi Xıdır qovurqası, Xıdır xonçası, Naxçıvan kətəsi, çöçə, nabat, quru meyvələr, çərəzlər, şirniyyatlar, badamlı, sirab, müxtəlif kompotlar, mürəbbələr, ümumiyyətlə Naxçıvanda istehsal edilən nemətlər düzülərək Naxçıvan mətbəxi qonaqlara tanıdılıb. Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslam) çıxış edərək Nuh yurdu Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etdiyini söyləyərək son illərdə Naxçıvanda aparılan quruculuq işlərindən, Naxçıvanın inkişafından danışıb, Xıdır Nəbi bayramının tarixi, əhəmiyyəti, bayram zamanı icra edilən adət-ənənələri, ritualları diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu mərasim xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. O, bu bayramı həm uşaqların, həm də böyüklərin səbirsizliklə gözlədiyini, uzun illərdən bəri unudulmadığını, yaşadıldığını, ölkəmizin mədəniyyət xəzinəsində ən önəmli yerini saxlamaqla yanaşı, xalqımızın tarixiliyini, qədimliyini göstərən belə mərasimlərin qorunması və tanıdılmasının vacibliyini qonaqların diqqətinə çatdırmışdır. Daha sonra Milli Məclisinin deputatı Aydın Mirzəzadə çıxış edərək bildirib ki, Xıdır bayramının keçirilməsi milli mənəvi dəyərlərimizə verilən qiymətdir. Xalqımızın adət-ənənələrini qoruyub saxlamaq, onu gələcək nəsillərə ərmağan etmək vacibdir. Bu adət-ənənələr xalqımızın birliyinin, gücünün təcəssümüdür. Sonra Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse prezidenti Könül Məmmədzadə çıxış edərək tədbirin əhəmiyyətini və keçirilməsinin vacibliyini qeyd edərək, təşkilatçılara təşəkkürlərini çatdırmışdır. Naxçıvanlı şair Rəhim Mehnət, şair, yazıçı, jurnalist Kamil Kamranoğlu, yazıçı şair Almaz İlahə Əhmədova, Naxçıvanlı ziyalılar Telman Qasımov və Fikrət Bektaşi də çıxış edərək Naxçıvanın yüksək inkişafından, görkəmli şəxsiyyətlərindən də söhbət açaraq, qədim mərasimlərin yaşaılmasının vacibliyindən danışmışlar. Bildirilib ki, hazırda 95 illik yubileyini qeyd edən Naxçıvan muxtariyyət tarixinin inkişaf dövrünü yaşayır. Tədbirin bədii hissəsinin təşkilatçısı Fərahim Qulubəyov də adət-ənənələrin, mərasimlərin yaşadılmasının zəruriliyindən danışaraq, gələcəkdə belə tədbirlərin çox olmasını vurğulayıb. Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova, Azərbaycan Respublikasının əməkdar artisti İlqar Muradov, Azərbaycan Dövlər Opera və Balet Teatrının solisti Bəsti Qasımova, Azərbaycan Respublikasının əməkdar artisti, opera və balet teatının aparıcı solisti Cahangir Qurbanov, Azərbaycan Dövlət televiziyasının solisti Sərxan Bünyatzadə, Azərbaycanın səsi yarışmasının qalibi Mehman Tağıyev, müxtəlif səs yarışmalarının iştirakçısı və qalibi olmuş Cavid Hüseyn, Vəli Səfərov, Rza Zaman, Ayxan Bünyatzadə, Mahir Hüseynli, Ehtiram Hüseynov, Elmar Qasımov və başqaları Naxçıvana aid mahnılarla tədbiri daha da canlandırmış, şən əhval-ruhiyyəyə kökləmişlər. Sonra Naxçıvan yallıları ifa edilmişdir. Tədbir zamanı həm də Naxçıvanda istehsal edilən məhsullar sərgilənib. Sonda qonaqlara Xıdır xonçaları və qovurğa torbaları, Naxçıvan məhsulları təqdim edilib.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir