Ana Səhfə

“Loqos” Psixoloji və Nitq Mərkəzi 2022-ci ili uğurla tamamlayıb

Sharing is caring!

Azərbaycanın ən böyük psixologiya mərkəzlərindən biri olan “Loqos” Psixoloji və Nİtq Mərkəzi 2022-ci il üçün hesabatını ictimiayyətə təqdim edib.

2014-cü ildə fəaliyyətə başladığı ilk dövrlərdən etibarən Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınmışdır. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixo-pedaqoji, loqopedik, refleksoloji, müalicəvi idman, duyu bütünləmə və digər sahələrdə yüksək səviyyəli kompleks iş aparır. İstər Bakı şəhəri, istərsə də regionlarda fəaliyyət göstərən filiallarda bütün yaş qruplardan olan uşaqlara və yetkin insanlara peşəkar mütəxəssislər tərəfindən xidmətlər göstərilir. Azərbaycan dövlətinin psixoloji sahənin inkişafına yönəlmiş proqram və göstərişlərinə əsaslanan Mərkəz yerli təcrübə ilə yanaşı beynəlxalq təcrübədən də yararlanır, inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, peşəkar mütəxəssislərin treninq və seminarlarını təşkil edir, vaxtaşırı bölgələrə səfərlər edir, əhali arasında təmənnasız psixoloji maarifləndirmə və psixoloji xidmət işi aparır.

Aparılan məqsədli və planlı işlərin, uğurlu fəaliyyətinin nəticəsidir ki, “Loqos” Psixoloji və Nitq Mərkəzi ölkəmizdə bu sahədə ən çox filialı ilə fəaliyyət göstərən psixologiya mərkəzidir. Paytaxt Bakı şəhərində 5 filial, Xırdalan şəhəri, bölgələrdə Gəncə, Qazax, Lənkəran, Xaçmaz və Bərdə filialları xidmət göstərir.

2022-ci il üçün Mərkəz üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır ki, onlardan biri də “Loqos”un Bakı şəhərində Əhmədli və Qazax rayonunda filialının açılışı olub. Bununla da hazırda paytaxt və regionlarda artıq 11 filialı ilə Mərkəz öz uğurlu fəaliyyətini davam etdirir.

Məlumat üçün bildiririk ki, ötən il ərzində bütün filiallar üzrə ümumilikdə 6000-ə yaxın vətəndaşımıza müxtəlif psixoloji xidmətlər göstərilib ki, bunun 4000-dən çoxu uşaq xidmətləri, 2000-ə yaxın isə böyüklərə aid xidmətlərdir. Sevindirici haldır ki, xidmətlərimizdən yararlanan pasiyentlərin mütləq əksəriyyəti onlara təqdim olunan xidmətlərdən məmnuluq bildiriblər.

Bununla yanaşı Mərkəz yeni kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirməkdədir. “Loqos”un təlim-tədris mərkəzi tərəfindən ötən il ərzində 40 təlim, 25 kurs, 11 seminar, 7 layihə, 10 yerli və 1 beynəlxalq təcrübə proqramları həyata keçirilib ki, bu layihələrdə ümumilikdə 1400-ə yaxın iştirakçı iştirak edib. Yerli və təcrübə proqramlarında ümumilikdə 100-ə yaxın təcrübəçi qoşulub ki, onlardan 35-i daha sonra paytaxt və regionlarda olan filiallarda işlə təmin olunublar. Ümumilikdə isə, ötən il ərzində “Loqos” Psixologiya və Nitq Mərkəzində 100-ə yaxın şəxs işlə təmin edilib.

O cümlədən, maarifçilik fəaliyyətini hər zaman diqqətdə saxlayan Mərkəzin təşkilatçılığı tərəfindən Şəmkir, Tovuz, Ağstafa və Neftçala rayonlarında Psixoloji Maarifləndirmə marafonu keçirilib ki, marafon iştirak edən region vətəndaşları tərəfindən böyük maraqla qarşılanıb.

“Loqos” beynəlxalq əməkdaşlığa da böyük önəm verir və bu istiqamətdə ardıcıl iş aparır. Mərkəzə psixologiya sahəsində zəngin tarixə malik olan Türkiyə Cümhuriyyətindən və Rusiya Federasiyasından dünyada tanınan peşəkar mütəxəssislər dəvət olunur və ən aktual psixoloji mövzularda verilən təlimlərdən təkcə “Loqos”un əməkdaşları deyil, respublikanın xəstəxanalarında çalışan həkimlər, universitet və orta məktəb müəllimləri, psixoloqlar faydalanırlar.

Mərkəz Dünya Pozitiv Psixoterapiya Assosiasiyası,  “Üsküdar” Universiteti, Beynəlxalq Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli–Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil İşçilərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun “Nasionalnıy psixologiçeskiy jurnal” redaksiyası, Moskvada nəşr olunan “Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə əməkdaşlıq edir

Ötən il ərzində Mərkəz regionda və dünyada tanınan bir sıra psixoloji mərkəzlərlə əlaqələr qurub. ÜMEN Refloksoloji Mərkəzi, İzmir Psikoloji Enstitüsü, KİM Psixoloji Derneyi, Bilgen Terapi Enstitüsü, Fransız Lape Hastanesi və digər beynəlxalq qurumlarla yaradılan birgə fəaliyyət nəticəsində müxtəlif təlimlər, layihələr, beynəlxalq təcrübə proqramları təşkil olunub.

Bütün dünyada tanınan, dünya üzrə 20 milyon insanın yararlandığı psixometrik qiymətləndirmə testi olan Psytech proqramının ölkəmizdəki yeganə və səlahiyyətli nümayəndəsi də məhz “Loqos” Psixoloji və Nitq Mərkəzidir.

Psytech şirkətlərin iş hədəflərinə çatmasını təmin etmək məqsədi ilə yüksək dərəcəli psixometrik vasitələr və hədəfə yönəlmiş köklü həllər təqdim edir. Təsadüfi deyil ki, 2022-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlər, banklar öz işçiləri üçün Psytech dəyərləndirmə testindən yararlanıb və bu fəaliyyət uğurlu şəkildə davam etdirilməkdədir.

Hər zaman fəaliyyətini şəffaf formada həyata keçirən və bunu ictimaiyyətlə də davamlı şəkildə paylaşan “Loqos”un İctimaiyyətlə əlaqələr şöbəsi üçün də ötən il yetərincə uğurlu olub.

2022-ci ildə Mərkəz 50-dən çox informasiya portalı, KİV-lər, tv və radio ilə əməkdaşlıq edib, 400-ə yaxın məqalə, press-reliz, müsahibə və reportajlar yayımlanıb. Bundan savayı “Loqos” olaraq ötən il ərzində ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumları, təşkilatlar və özəl müəssisələr ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıqlar qurulub, müqavilələr imzalanıb.

“Loqos” Psixologiya və Nitq Mərkəzi öncəki illərdə olduğu kimi, 2023-cü il və bundan sonra da uğurlu, məqsədyönlü fəaliyyətini davam etdirəcək, ölkəmizin aparıcı psixologiya mərkəzi kimi xalqımız və dövlətimiz üçün faydalı fəaliyyət etdirəcəkdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir