Ana Səhfə

Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram” adlı təntənəli tədbir keçirildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən hərbi qulluqçuların ehtiyata buraxılması” haqqında 03 iyun 2019-cu il tarixli, 1218 saylı Sərəncamının icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram” tədbiri keçirilmişdir. Tədbir iyul ayının 1-də rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə Nizami Kino Mərkəzində keçirilmişdir.
Əvvəlcə tədbirdə marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı zala gətirildi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək Azərbaycan Silahlı Quvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Quvvələrin formalaşmasında və güclənməsində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Quvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışdı.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirdi ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bir həqiqət var ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Odur ki, Ümummilli Liderimiz Heydər Əliyev güclü ordunun yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edərək bu sahəni xüsusi nəzarətə götürmüş və qısa müddət ərzində çox böyük işlərin görülməsinə nail olmuşdur.Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək hərbi sahəni daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Ən müasir hərbi texnika, silah – sursatla təchiz olunmuş Azərbaycan Milli Ordusu istənilən anda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu 02 aprel 2016-cı ildə keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübut etmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam – intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, Dövlət – Xalq – Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır.Tez – tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Çıxışının sonunda natiq hərbi xidmətə yola salınan gənclərə vətənimizi şərəflə qorumağı arzulamışdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev və Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov həqiqi hərbi xidmətə yola düşən çağırışçılara xatirə hədiyyələri təqdim etdilər.
Tədbir hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi kollektivinin və “AMAROK” rəqs qrupunun rəngarəng rəqsləri ilə davam etmiş, Dədə Qorqudun hərbi xidmətə yola düşən çağırışçılara xeyir-duaları ilə başa çatmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir