Ana Səhfə

AZƏRBAYCAN DÜNYADA
BÖYÜK ETİMAD QAZANIB

Sharing is caring!

Müstəqil Azərbaycanın dünyada böyük etimad qazanması, güclü və nüfuzlu dövlət olaraq etibarlı tərəfdaş kimi tanınması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndərimizin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Azərbaycan Prezidentinin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçımız tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir.

  Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir.

   Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında ölkəmizin xarici siyasət kursunun uğurlarından danışarkən deyib ki, xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Artıq bu iradlar da yoxdur.

   Ermənistan isə özünü təcrid etdi, yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük. Bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas faktoru bizik, Ermənistanı qeyri-müəyyən bir ölkəyə, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca oradan köç daha da geniş vüsət aldı, demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı.
   Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri kimi cox mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının istifadəsinə qarşı mübarizədə fəal iştirak etməsidir. Bu sahədə dövlətimiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulur və bu sahəyə dair müxtəlif beynəlxalq tədbirlərdə layiqincə təmsil olunur. Dövlətimizin beynəlxalq aləmdə mövqeyinin güclənməsi və beynəlxlq nüfuzunun yüksəlməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz və çoxşaxəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Xalqımızın liderləri ətrafınızda sıx birləşərək bundan sonra da onların hər bir məsləhət v tösiyələrinə dəstək verəcəyik.

Eyvaz Məmmədov, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir