Ana Səhfə

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir

Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Medianın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Mətbuat cəmiyyətin güzgüsüdür: Azərbaycan mətbuatının yaranışı və ictimai fikrə təsiri

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün  Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan  milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani  və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Mütərəqqi ideyaların carçısı və tribunası olan “Əkinci” elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğur ilk növbədə onun dilinin xalq  dilinə yaxın, sadə və səlis olması idi.  Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan “Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan mətbu nəşri olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. “Əkinçi” Azərbaycandan kənarda da – Gürcüstan, Dağıstan, Özbəkistan və başqa ölkələrdə yayılırdı.

Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri – maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi surətdə  vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsipləri rolunu oynadı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında müstəsna rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli məfkurənin formalaşmasında və  möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Azərbaycan mətbuatının ilk müjdəçisi olan  “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli jurnal və  qəzetlər nəşrə başlayıb.

Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də,  milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə  iştirak edib. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir