Ana Səhfə

Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru: “Qohum evliliklər risk faktoruna çevrilməkdədir”

“Dünyada tibbi biliklər sürətlə inkişaf edir, ona görə də hər il biliyi təkmilləşdirmək lazımdır. Əvvəllər il ərzində 5-6 min həkim müxtəlif tədbirlərdə iştirak edirdisə, indi bu rəqəm 20 minə yaxındır”.

APA-nın xəbərinə görə, bunu “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda keçirilən elmi-praktiki konfransda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, professor Nazim Qasımov deyib.

O bildirib ki, ölkədə səhiyyənin inkişafı və tibbi yardımların imkanlarının gücləndirilməsi ilə yanaşı, əhalinin tibbi maarifləndirməsini genişləndirmək əsas hədəflərdəndir: “Qohum evliliklərinin ölkəmizdə hələ də qalması öz növbəsində qüsurlu körpələrin dünyaya gəlməsinə səbəb olmaqda, ana və uşaq sağlamlığında risk faktoruna çevrilməkdədir. Bir sıra xəstəliklərə məhz bu kimi halların mövcudluğu səbəbi ilə tez-tez rast gəlinir. İrsi qan xəstəlikləri ilə mübarizə də Azərbaycan səhiyyəsi üçün vacib prioritetlərdən biridir. Hər il onlarla uşaq bu xəstəliyin daşıyıcısı kimi dünyaya gəlir. Ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində geniş addımlar atılmaqdadır. Bu məqsədlə ölkədə irimiqyaslı layihələr həyata keçirilir”.