Ana Səhfə

Dövlətə dil uzatmaq istəyənlər…Mətanət Əsgərqızı yazır

Dövlətə dil uzatmaq istəyənlər… …Təbii ki, müstəqillik hədiyyə edilmir, qanla qazanılır.

 

Müstəqilliyimizin bərpası isə çox ağır zamanlarla paralel addımladı. Ötən əsrin əvvəllərində ilk Demokratik Respublikanı quranda yolumuzda olan erməni manesə 90-cı illərdə də Müstəqilliyini bərpa edən Azərbaycan, yenə onların xain oyunlarının hədəfində idi. Sovetlərin 70 illik əsarətindən canını qurtaran Azərbaycan ordu yaratmaq məcburiyyətində idi. Nə yaxşı ki, hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev bütün sahələrin inkişafına önəm versə də milli hərbi zabitlərin hazırlanmasına diqqət yetirərək daxildə hərbi məktəblərin açılmasına və azərbaycanlı gənclərin ölkədən kənarda hərbi peşələrə yiyələnmək üçün imkanlar yaratdı.Hələ 1993-ci ildə sovetlərin məşhur “Komsomolskaya pravda” qəzetində bir məqalə dərc edilmişdi. Məqalədə deyilirdi ki, Heydər Əliyev bilirdi bir gün Azərbaycan müstəqillik qazanacaq. Onun özünün milli hərbçi kadrları olmalıdır. Elə məhz həmin zabitlər Qarabağ müharibəsində iştirak etdilər. Hərdən düşünürsən ki, ulu öndərin bu uzaqgörənliyi olmasa idi, hansı bəlalarla üz-üzə qala bilərdik… Qarabağ müharibəsinin qəhrəmanları şücaətlər göstərdilər. Yaralı olsalarda hospitala getməkdən imtina edən igidlərimiz oldu. Dönə-dönə yaralanıb hospitalda müalicəsi bitməmiş döyüşə qayıdan nə oğullar gördük. Saatlarla döyüşdə olub, istirahətin nə olduğunu bilməzdilər. Çox ağır dövrlər idi. Şəhidlər dəfn edilirdilər. Ailələri isə o şəhidlə qürur duyaraq bir qapını döyməzdilər . Ö dövrün atasız qalmış şəhid uşaqları yaman çətinliklə böyüdülər. Amma nə şəhid anaları nə də şəhid xanımları dövlətdən bir təmənna ummadılar. Heç fiziki sağlamlığını itirən oğullarımız da “mən qəhrəmanam” demədilər. Məhz o dövrün Milli Qəhrəmanları Tahir Həsənovdan, İlqar İsmayılovdan, Vəzir Orucovdan, Natiq Qasımovdan örnək götürən Mübariz İbrahimov, Fərid Əhmədov kimi yeni qəhrəmanlar yetişdi . Və nəhayət, 2016-cı ilin dörd günlük aprel döyüşlərinin daha başqa qəhrəmanları üzə çıxdı. Artıq dövlətimiz möhkəmlənmişdi və şəhidinə, onun ailəsinə, fiziki sağlamlığını itirmiş, əlil olmuş insanlarına, müharibə veteranlarına böyük qayğılar göstərildi. Bütün imkanlar səfərbər edilərək həssas qruplarla bağlı müxtəlif Fərman və Sərəncamlar imzalandı. Cənab Prezident İlham Əliyev son prezident seçkilərindən sonra bir çox islahatlar apardı. Yeni yanaşmada həssas qruplara bir daha qayğılar və diqqət var. Amma bunlara baxmayaraq hələdə müəyyən problemlərin olduğunun şahidiyik. Bəzi hallarda məmurlar tərəfindən narazılıqlar da yaradılır, bir çox hallarda həssas qruplardan da haqsızlıqlar edənlər olur. Bu isə cəmiyyətdə heç də yaxşı qarşılanmır, narahatlıq doğurur. Ən diqqət olunası məsələ isə şəhid ailələrinin içinə gələrək onları başqa yönə istiqamətləndirən insanların olduğu faktıdır. Onların problemlərini həll etmək əvəzinə dövlətə qarşı qaldırmaq meylləri çoxalıb. Hələ 2016-cı ildə mən müraciətlərimdə qeyd edirdim, həssas qruplar çox ehtiyatlı olmalıdılar ki, onların faktından istifadə olunmasın. Belə bir cəhdi oktyabr-noyabr aylarında 11 min manatla bağlı olaylarda gördük. İndi ortada xoşagəlməyən daha bir meyl də var. İllərlə ev ala bilməyən insanlar kənarda qalıblar. Hətta ölkə rəhbərinin bağışladığı evi sataraq yenidən mənzillər alanlar var. Özü də özləri rayonda yaşasalar belə Bakı şəhərindən mənzil istəyirlər.Bu fakt da artmaq üzrədir. Bir çoxları evləri adlarından çıxarırlar, yenidən mənzil növbəsinə dayanırlar. Amma həqiqətən evə ehtiyacı olanlar kənarda qalır. Bu isə sosial ədalətsizliyə gətirib çıxarır. Bəzi qurumlar da bu faktlara göz yumurlar. Təki kimlərinsə səsi çıxmasın…Yəqin ki, uzun müddətdir şahidsiniz ki, aprel hadisələrinin iki məzarı olan şəhidi Cabbarxan Hacıağayevin ailəsi ilə bağlı müraciətlər edirəm. Görəsən azda olsa şəraiti olan insanlara mənzil verilirsə niyə kirayələrdə yaşayan ailə evlə təmin olunmur??? Bax bu da gərginlik və narazılıq yaradır. Yəni kim çox danışır qazanır, abrına qısılan kənarda qalır. Nəhayət, şəhid ailəsi, müharibə veteranı və əlili adından sui istifadə edilməməlidir. Bu vəziyyət belə davam edəcəksə cəmiyyətdə onlara qarşı münasibət artıq əvvəlki kimi olmayacaq. Və məsələdə elə buna gedir. Bu günlərdə saytlarda bir şəhid anası ilə bağlı yazılar dərc olundu. O saytlar daha çox qızışdırıcı mövqe sərgilədilər. Hətta şəhid anası ilə xanım icra başçısının şəkillərini yanaşı qoyub yazı tirajladılar. Çox utanc gətirən fakt idi. Səhv də haqsızlıq da ola bilərdi. Bunu düzəltmək əvəzinə şəhidimizin ruhunu incitmək insanlığa sığmır. Və dövləti hörmətdən salmaq üçün belə faktlardan istifadə bu vətənə düşmən kəsilməkdir. Dediyim kimi şəhid ailələri öz məsuliyyətlərini dərk edərək hər əsəbi anda dilə gətirdiklərini mətbuata çıxarmamalıdılar. Qanun hamı üçün qanundur. Məsələ ilə yaxından tanış olmaq üçün Masallıya getmək qərarına gəldim. Aprel hadisələrində şəhid olmuş Firdovsi Bağırzadənin və Nurlan Əsgərlinin ailələrində oldum. Sehranə və Ziba ana dövlətimizin qayğısından danışdılar. Sehranə ana dedi ki, hər şeydən razıyam, oğlum olmadığı halda mənə heç nə lazım deyil. Heç kimə minnət qoymuram. Firdovsi vətəni uğrunda şəhid olub… Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Adına küçə verilib. Bizə ev tikilib. Hər il oğlumun anım mərasimləri keçirilir. Şəhid Nurlan Əsgərlinin ailəsində oldum. Şəhid Nurlan Əsgərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Ziba ana ilə ailəyə göstərilən qayğılar barədə maraqlandım. Dedi ki, digər oğlum da zabitdir. Qayğılardan razıdır. Narahatlığımı və gəlişimin məqsədini bildirdim. Ziba ana dedi ki, əsəbi olub və onun bu məqamından istifadə ediblər. Saytların məsələni bu dərəcədə şişirtdiyinə təəsüf edir. Bütün olanların nəticəsi olaraq bircə fikrim var, dövlətə barmaq uzatmaq, silkələmək olmaz. Bunu nə şəhid ailəsi, nə müharibə veteranı nə əlili, nə də sıradan bir vətəndaş edə bilməz.

 

Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir