Ana Səhfə Gündəm

Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir… – Diqqət, TƏHLÜKƏ!

Sharing is caring!

Sentyabr ayının 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti dəfə təxribatlar törətməsi və bundan sonra şanlı ordumuzun ölkə ərazisinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara başlaması bir çox digər məsələləri ikinci plana çəkmiş oldu. Hətta belə bir şəraitdə bu ilin əvvəlindən bütün dünyanın bir nömrəli gündəmi olan COVİD-19 mövzusu da sanki bir qədər unudulmağa başladı. Əlbəttə ki, buna Azərbaycan dövləti tərəfindən həyata keçirilən pandemiya ilə mübarizə tədbirlərinin yüksək effektivliyi sayəsində yay aylarında ölkədə virusa yoluxma hallarının kəskin azalması və bu səbəbdən tətbiq olunan karantin rejimi şərtlərinin bir qədər yumşaldılması da müəyyən qədər səbəb olmamış deyildi. Lakin bu gün vəziyyət kəskin şəkildə dəyişmək üzrədir və artıq ölkədə koronavirusa yoluxma hallarının sayında təhlükəli artım tendensiyası müşahidə olunmaqdadır. Bəs bu vəziyyətə səbəb olan əsas amillər hansılardır?

Əlbəttə ki, ilk növbədə koronavirus pandemiyasının ikinci (bəzi ölkələrdə isə hətta artıq üçüncü) dalğasının yayılması bütün dünya ölkələrində müşahidə olunan bir haldır. Lakin bu, heç də o demək deyil ki, ayrı-ayrılıqda götürülmüş hər hansı bir ölkədə bu mərəzlə mübarizə daha effektiv şəkildə həyata keçirilə bilməz. Əksinə öz təcrübəmizdən də biz gördük ki, pandemiyanın kütləvi şəkildə yayılmasının qarşısını almaq olar. Sadəcə bunun üçün bəzi qaydalara riayət etmək lazımdır və bu qaydalardan da biri insanların kütləvi şəkildə toplaşdıqları məkanlarda sanitar-gigiyenik vəziyyəti ciddi nəzarət altında saxlamaqdır.

Bu gün ölkəmizdə məhz insanların kütləvi şəkildə toplandıqları məkanların sayını minimuma endirmək üçün bir çox böyük ticarət mərkəzlərinin fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Bəs görəsən fəaliyyəti davam edən məkanlarda vəziyyət necədir?

Elə “8-ci km bazarı” kimi tanınan ticarət mərkəzinə də «Deryaz.az»saytımızın əməkdaşları növbəti dəfə məhz bu yönümdə araşdırma aparmaq üçün yollanmışdılar. Heç kim üçün sirr deyil ki, ərazisinə görə Bakının ən böyük ticarət məkanlarından olan bu bazar əvvələr də heç bir sanitar normalara əməl olunmadan fəaliyyət göstərib. İstər faktiki olaraq dörd seksiyaya bölünmüş olan ərzaq bazarı olsun, istər tikinti və təsərrüfat malları satılan bazar, istərsə də pal-paltar bazarı. Əslində ticarətin bu üç müxtəlif istiqamətləri “8-km bazarı”nda kifayət qədər tez-tez kəsişir. Məsələn, bir tərəfdən pal-paltar, digər tərəfdən isə metal məmulatlarının satış mərkəzləri arasında böyük bir ət bazarı fəaliyyət göstərir. Deyilənə görə, Ağdamlı Rauf adlı bir şəxsin idarə etdiyi bu ət bazarı özü-özlüyündə artıq böyük bir epidemioloji təhlükə mənbəyidir. Belə ki, hər gün səhər saat 4-5 radələrində (əlbəttə ki, komendant saatı rejiminin tətbiqindən əvvəlki vaxt nəzərdə tutulur) buraya çox sayda minik və kiçik həcmli yük avtomobillərində gətirilən heyvan cəmdəklərinin mənşəyi onları gətirənlərin özündən başqa heç kimə bəlli deyil. Sutkanın 24 saatı ərzində də bu ət bazarının yanından keçənlər üfunətdən burunlarını tutub, addımlarını itiləşdirməli olurlar. Sanitar epidemioloji mərkəzə olunan müraciətlərə isə cavab verirlər ki, bizim onları yoxlamaq səlahiyyətimiz yoxdur. Qəribədir, amma məhz elə bu mərkəzin həkimi də hər səhər bu bazara gəlir və əlindəki möhürü qarmaqdan asılan cəmdəklərə növbə ilə vuraraq, ət sıralarının qarşısından “ənənəvi” reyd keçirir.

Müxtəlif problemlər ərzaq bazarında da diqqəti cəlb edir. Az öncə qeyd olunduğu kimi, bu bazar faktiki olaraq üç seksiyaya bölünür və daimi müştərilər də həmin seksiyaları 1-ci bazar, 2-ci bazar, 3-cü bazar və 4-cü bazar deyə adlandırırlar. Q.Qarayev prospekti tərəfdən gələrkən müştərinin ilk daxil ola biləcəyi seksiya 1-ci bazardır. Burada qismən geyim və təsərrüfat malları, daha çox isə pərakəndə ərzaq məhsullarının satışı həyata keçirilir. Mənbələr bildirirlər ki, 1-ci bazar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin keçmiş rəisi Faiq müəllimə məxsusdur. İndi özü burda olmasa da, yerinə təyin etdiyi Etibar adlı başqa bir şəxs (əslən Tovuz rayonundan olduğu məlumdur) mütəmadi olaraq icarə pullarını toplayır və Faiq müəllimə göndərir.

2-ci seksiyanın “vizit kartı” qapalı (daha doğrusu üstü örtülü) məkanın girişində, küçədə təşkil olunan balıq ticarətidir. Hə, dərhal sonra da meyvə sıraları gəlir. Maraqlı müştərilər əvvəlcə əllərini çeşid-çeşid balıqların dərisinə sürtməklə dezinfeksiya edə, sonra da həmin əllə alacaqları meyvələrdən götürüb onların dadına baxa bilərlər. Mənzərəni təsəvvür edə bilirsiz? Deyilənə görə bu bazarın da sahibi Ağdamlı Rauf adlı bir şəxsdir.

3-cü və 4-cü bazarlarda isə daha çox topdan ticarətlə məşğul olurlar. Burada duran yük avtomobilləri isə çox vaxt öz sürücülərinin həm dükanı, həm yemək, həm də yataq otağı funksiyasını yerinə yetirir. Amma burada da pərakəndə ticarət gedir. Xüsusilə də evdə hazırlanan turşu-şorabaların satışı çox yüksək intensivliyə malikdir. Deyilənə görə bir vaxtlar bu bazar sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsən kurasiyasında imiş. Bu gün isə 3-cü və 4-cü bazarın sahibi olaraq Elşən və adı məlum olmayan bir şəxs tanınır. Bəzi mənbələr isə Elşən müəllimin radikal müxalifəti dəstəkləyən şəxs olaraq təqdim edirlər…

Amma məsələnin siyasi tərəfi bizi ən az maraqlandıra biləcək məqamdır. Çünki bu dörd bazarın dördündə də hal-hazırda cəmiyyətimiz üçün daha təhlükəli olan yüzlərlə başqa məqamlar mövcuddur. İstər bazarın daxilində, istərsə də ətrafında fəaliyyət göstərən köşklər, ərzaq mağazaları, yeməkxanalar və digər obyektlər inanın ki, bu gün pandemiyaya yoluxma hallarının artmasında bəlkə də ən çox təsiri olan vasitələrdir. Bunlar heç də boş ittiham deyil. Özünüz düşünün – insan sıxlığı ən yuxarı həddə; satıcıların və müştərilərin gigiyenik qoruyucu vasitələrdən istifadəsi təmin olunmur; sanitar vəziyyət sıfır səviyyədə; açıq satılan məhsullara alışa qədər onlarca insanın əli toxunur; məhsulların heç bir gigiyenik sertifikatı olmur və bəzi hallarda mənşəyi belə naməlum olur; 10 satıcıdan 9-nun sağlamlıq haqqında arayışın harada verildiyi barədə anlayışı belə yoxdur; burada alış-verişə demək olar ki, şəhərin bütün ərazilərindən insanlar gəlir.

Vergi deyilən ödəmə sistemi isə yaddan çıxıb.

İndi siz deyin, koronavirus infeksiyasının yayılması üçün bundan daha çox imkanlar verən hansısa başqa bir məkan tanıyırsınız?(

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir