Ana Səhfə İqtisadiyyat

Banklar kredit adı ilə yenə əhalini soyur

Mərkəzi Bank uçot dərəcəsini endirir, ancaq bankların kredit faizləri düşmür…

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirib. Artıq bu il ərzində neçənci dəfədir ki, uçot dərəcəsi endirilsə də, bankların kredit faizləri ilə bağlı heç bir azalma müşahidə edilmir. Qeyd edək ki, Azərbaycan  Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul edib.  Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyukturadan və valyuta bazarındakı vəziyyətdən  asılı olaraq qəbul ediləcəkdir.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir. AMB uçot dərəcəsinə 2020-ci il 7 faizlə başlamış, yanvarın 31-də 7,25 faizə, iyunun 19-da 7 faizə, iyulun 30-da 6,75 faizə enmişdi. Amma buna baxmayaraq, banklar yenə də əhaliyə bahalı pul satmaqda davam edir, vətəndaşların borc yükünü artırırlar. Uzun illərdir Azərbaycanda problemli kredit məsələsinin həllini tapmamasının kökündə də məhz bu amil durur. Xüsusən də pandemiya dövründə bankların yüksək faiz siyasətindən əl çəkməməsi növbəti dövrdə də toksik aktivləri artıracaq. Banklar isə faiz dərəcələrinin yüksək olmasını Azərbaycanın maliyyə sistemində və ümumilikdə iqtisadiyyatda risklərin yüksək olması ilə əlaqələndirirlər.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında bankların çox böyük risk altında kredit siyasəti həyata keçirdiyini bildirdi: “Bütövlükdə Azərbaycanda faiz dərəcələrinin yüksək olması ilə bağlı ölkədəki maliyyə sistemində banklar üçün risklərin yüksək olması ilə bağlıdır. Amma hər bir halda Mərkəzi Bankın uçot dərəcəsi müəyyən qədər təsir etməlidir. Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi  kreditin faiz dərəcəsidir. Ancaq Mərkəzi Bankın son 1-2 ildə rəhbər tutduğu siyasət daha çox Qərbin mərkəzi banklarının, xüsusən də Amerika Federal Ehtiyat Sisteminin və Avropa Mərkəzi Bankının faiz dərəcəsinin dəyişilməsinin yamsılanmasıdır. Çünki Mərkəzi Bankın əvvəlki illərdə faiz dərəcəsini necə dəyişməsinə fikir versəniz görərsiniz ki, son illərdəki kimi hər rübdə 0,25 faiz dəyişiklik olmurdu. Dəyişəndə 2 faiz, 3 faiz və hətta ondan da çox dəyişiklik olurdu. Bu da bizim sistem üçün uyğundur. O ölkələrdə 0, 25  faiz dəyişirlər ki, orada ümumi faizlərin həcmi 2-3 faizdir. 2017-ci ildə kredit faizləri 15 faiz idi, ötən il də 10 faiz idi, sonra 7-yə düşdü. Azərbaycan şəraitində faizlər tam ədədlərlə ölçülür.  Faiz dərəcəsi özü yüksək olduğu üçün 0, 25 faiz heç nəyə təsir etməyəcək. Bu məsələnin bir tərəfidir. ABŞ-da, Avropada faizlərin 0, 25 faiz dəyişməsi də təsirli olur”.

İqtisadçı ekspertin sözlərinə görə, uçot  dərəcəsinin endirilməsinin kredit faizlərinə təsir etməməsinin səbəbi odur ki, Mərkəzi Bank banklara kredit vermir, yaxud bir neçə banka verir və əksəriyyətinə vermir: “Burada da sağlam rəqabət prinsipini pozur. İnkişaf etmiş ölkələrdə Mərkəzi Bankın faiz dərəcəsi ona görə  bazara təsir edir ki, banklar gəlib Mərkəzi Bankdan kredit götürə bilir, onlar arasında sağlam rəqabət olduğu üçün faizləri hansısa bank endirir. Sağlam rəqabət olduğu üçün banklardan biri faizləri endirən kimi digərləri də endirir. Bizdə isə bir növ inhisarçı bank sistemidir. Mərkəzi Bankın uçot dərəcəsini belə endirməsi ona bənzəyir ki, bir şirkət məhsulunu hamıdan 5 dəfə ucuz qiymətə satır, ancaq onu hamıya deyil, yalnız öz qohum-əqrəbasına verir. Ancaq ucuz qiymət hamı üçün olmalıdır, o zaman bazara təsir edə bilər. Mərkəzi Bankın uçot dərəcəsini elan etməsi ilə iş bitmir, ucuz kredit bütün banklara eyni qaydada verilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir