Ana Səhfə

Azərbaycanda yeni maşın zavodunun təməli qoyuldu

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərmaş ASC şirkətinin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.

XəbərAl.az Axar.az-a istinadən  xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməlini qoyan İqtisadiyyat naziri Şahin Mustafayevə və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinə məlumat verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olacaq zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 mln. manat olan layihə üzrə müvafiq anlaşma memorandumları ötən ilin aprelində imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri ilə və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

Zavodun tikintisi 2020-ci ildə başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli 3127 nömrəli Sərəncamı ilə Hacıqabul Sənaye Məhəlləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Artıq Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sənaye Məhəlləsi ümumi sahəsi 10 min kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantılarının idarə olunması, yeməkxana və tibbi xidmətlər də göstəriləcək. Hazırda Hacıqabul Sənaye Məhəlləsində ümümi dəyəri 61,43 mln manat olan ağır maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, plastik qablar, müxtəlif təyinatlı gübrələr, tikinti materiallarının qırıcı elementlərinin istehsalı sahələrini əhatə edən 7 layihə üzrə işlər aparılır. Bu layihələrin icarı nəticəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.