Ana Səhfə

İti ilə dünya turuna çıxan velosipedçi Tovuzda – Foto

Polşalı turist Lukas Oqonovski iti ilə birgə dünya turuna çıxıb. Peşəsi ingilis dili müəllimi olan turist nə az-nə çox, düz 20-dək dil bilir.

XəbərAl.az  xəbər verir ki, əslən polyak olan 38 yaşlı Lukas Oqonovski velosipedlə dünya turuna başlayıb. Bu vaxta qədər dünyanın 56 ölkəsində olub. İndiyədək velosipedlə 52 min kilometr məsafə qət edib. İti isə ona dünya səyahətinə Gürcüstanın Kabuleti şəhərindən yoldaşlıq edir. Belə ki, yoldan keçərkən ac və susuz vəziyyətdə tapdığı iti elə Gürcüstan ərazisində baytara apararaq ona lazımi vaksin vurdurub, sonra isə sənədləşmə işinə başlayıb. İtə pasport alınmasına 350 dollar vəsait xərcləyib. Yol yoldaşına isə “Nuniya” adını qoyub.

Polşalı turist ölkəmizdə ilk dəfə olduğunu bildirir: “Azərbaycan ərazisində qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyük Kəsik kəndində sakinlər məni evə dəvət etdilər, gecəni çadırda keçirməyə qoymadılar. Doğrusu, belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim”.

Dünyanın təxminən yarısını gəzən turist Tovuzdan sonra Gəncə və Yevlax şəhərlərindən keçərək Bakıda olacaq. Oradan isə dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdırır. Polşalı turist Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür.