Ana Səhfə

Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar” Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

 

 

 

 

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin və Türkiyə Cümhuriyyəti şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur. Tədbirdə müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirlər ifa olunmuş, H.Sarabski adına Mədəniyyət Evi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Bədii hissənin sonunda Nəsimi rayon yeniyetmələri və gəncləri vətənə sədaqət andı içdilər. Respublikanın əməkdar artisti Ağalar Bayramovun ifasında şəhidlər və vətənpərvərlik mövzusunda şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

 

 

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Türkiyənin İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında “Qardaşlaşmış münasibətlər” mövcuddur və 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında niyyət protokolu imzalanmışdır. Ötən dövr ərzində Nəsimi rayonu və İzmit şəhərində hər iki tərəf üçün əhəmiyyət daşıyan mühüm tədbirlər həyata keçirilmiş, nümayəndə heyətlərinin, o cümlədən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutmuşdur.

 

 

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndə heyəti 2017-ci ilin dekabr ayında Bakı şəhərinə səfər edərək Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən tədbirlərdə, həmçinin 2018-ci ilin may ayının 10-da 4-cü mikrorayonda razılaşdırılmış layihəyə uyğun olaraq, müasir tələblərə cavab verən, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış Türkiyə Cümhuriyyətinin İzmit şəhərinin adını daşıyan yeni istirahət parkının açılış mərasimində iştirak etmişdir.

 

 

Nəsimi rayon ictimaiyyəti nümayəndələri 2018-ci ilin fevral ayında Türkiyə Cümhuriyyətində səfərdə olaraq Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə, Türkiyənin Kocaeli vilayətinin Körfəz bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırım abidəsinin, həmçinin Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı park və abidəsinin açılış mərasimlərində iştirak edərək, Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallarla tədbir iştirakçılarını tanış etmişlər.

 

Natiq çıxışına davam edərək qeyd etdi ki,, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.

 

 

 

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qonaqpərvərliyə və isti münasibətə görə minnətdarlıq edərək 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti vardır. Əmin olduğunu bildirdi ki, səfərdə olan Türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaqdır.

 

 

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd etdi.

 

 

 

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.

Yanvar ayının 23-dək davam edəcək səfərdə qonaqlar rayonda keçiriləcək müxtəlif tədbirlərdə iştirak edəcək, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olacaqlar.