Ana Səhfə

Diaspora sədri Şirvan Kərimov niyə saxtakar erməni tarixçisinə istinad edir? Şok Faktlar

Sharing is caring!

Milli diaspora, yoxsa abbasovların, söyünlərin siyasi aləti?

 

1993-cü ildə Heydər  Əliyev hakimiyyətə gələndə müharibə edən ölkədə “Etibarın əsgərləri”, “ Surətin qoşunu”, “Əlikramın batalyonu”, “Qatır Məmmədin ordusu” və s kimi faciəli  bir durumla  qarşılaşdı. Yəni  vahid ordu, vahid komandanlıq yox idi.

Cənab Heydər Əliyev çox çətinliklə olsa da bu problemi kökündən həll etdi  və vahid Azərbaycan Ordusu yarandı.

Bunu nə üçün yada saldıq ?

Sözün düzü, milli  diasporamızın  hazırkı durumu  1993-cü ili yada saldı.

Unutmaq lazım deyil ki, biz sıradan bir düşmənlə üz-üzə deyilik. Düşmənin gücünü dəqiq qiymətləndirə bilməsək biz uğur qazana bilmərik. Ermənilər bir millə olaraq 100 ildən artıqdır ki,  kifayət qədər ciddi təşkilatlanıb, ölkələrin çoxunda güclü diasporaları var. Belə mənfur düşmənə qalib gəlmək üçün bizim bir millət olaraq güclü, vahid diasporaya ciddi ehtiyacımız var.

Müqayisə qüsurlu olsa da qeyd etməliyik ki, diaspora özü də bir  ordudur.

Ancaq çox təssüf ki, bizim mövcud  diasporamız  1993-cü ildəki  müxtəlif  şəxslərin “batalyon”larını, “dəstə”lərini yada salır. Uzun illərdir ki, dövlət kifayət qədər vəsait ayırsa da, hətta  ölkədə bu məsələ ilə bağlı konkret Diasporla iş üzrə Dövlət  Komitəsi  fəaliyyət  göstərsə də, vəziyyət yenə də acınacaqlı  olaraq  qalır.

Məhz bunu görən cənab prezident İlham Əliyev  Diasporla iş üzrə Dövlət  Komitəsinin sədri Nazim İbrahimovu vəzifəsindən azad etdi. Və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edərkən qurumun keçmiş rəhbərliyini kəskin tənqid etdi: “ Nazim İbrahimovun sədrliyi dövründə bu iş yaxşı təşkil olunmayıb. Dünyadakı azərbaycanlılarla bağlı görülən tədbirlər üçün ayrılan vəsaitlər müəyyən halda ünvanına çatmayıb. Sədr öz səlahiyyətlərini yerinə yetirə bilməyib. Böyük tədbirlər keçiriblər, amma konkret işlər həllini tapmayıb. Ona görə də prezident komitə sədrinin vəzifədən azad edilməsi üçün sərəncam imzalayıb”.

Əlbəttə diaspora işi ilə bağlı müəyyən işlər görülüb və buna görə xidməti olanlar sağ olsun.

Amma  dövlətin ayırdığı vəsaitlər, mükafatlar görülən işə görə deyil, yaxınlığa, dostluğa və başqa şəxsi məqsədlərə  yönəlib.

Yuxarıda qeyd etdik ki, diaspora da millətin ordusudur. Amma bu ordu kimlərinsə əlində siyasi  alətə çevrilməməlidir.

Ancaq nə qədər acı olsa da qeyd etməliyi ki, Rusiya kimi nəhəng ölkədə fəaliyyət göstərən diasporamız uzun illər Abbas Abbasovların, Söyün Sadıqovların və başqalarının əlində alətə çevrilib. Bunun bariz nümunəsini 2013-cü ilin prezident seçkilərində gördük. Bunlar  “Milyarderlər İttifaqı” və başqa adlar altında öz siyasi ambisiyalarını həyata keçirmək üçün hansı çirkin məqsədlərə əl atmadılar ?

Onu da qeyd edək ki, diaspora eyni zamanda millətin və dövlətin  xarici ölkələrdəki  təmsilçilərdir.

Unutmaq lazım deyil ki, bu gün dünyada informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində bizim diaspora nümayəndələrimiz, yəni təmsilçilərimiz apardığımız haqq mübarizəsində böyük işlər görə bilərlər. Çox təəssüf ki, bu mübarizədə də birlik yoxdur. Xaricdəki təmsilçilərimiz də iqtidara, müxalifətə və digər qruplara bölünərək  vahid mövqedən çıxış edə bilmirlər.

TƏMSİL-çilik  məsələsi xüsusi  olaraq  qeyd  olunmalıdır. Vaxtilə sovet  dövründə  H.Əliyev azərbaycanlı gənclərin Azərbaycandan  kənarda təhsilinə xüsusi önəm verirdi. Məqsəd ancaq həmin gənclərin yüksək təhsil alıb Azərbaycana qayıtması deyildi. Əlbəttə, həmin gənclərin yetərli hissəsi ölkəmizə qayıdıb fəaliyyət göstərir. Ancaq həmin gənclərin  bir hissəsi  o zaman  təhsil aldıqları ölkərin vətəndaşları olaraq uğurla çalışır və həmin ölkələrdə Azərbaycanı uğurla təmsil edirlər. Bu uzaqgörən bir siyasət idi. Bu gün də həmin siyasəti prezident İlham Əliyev  davam etdirir. Və  son 10-15 ildə minlərlə  azərbaycanlı gənc  dövlət hesabına dünyanın məşhur  universitetlərində təhsil almağa göndərilib. Bu gənclərin bir hissəsi yüksək təhsillə Azərbaycana qayıdıb fəaliyyət göstərir.  Ancaq geri qayıtmayanlar da Azərbaycan  üçün həmin ölkələrdə uğurlu təmsilçi ola bilərlər. Bunu Azərbaycanın gələcəyi tələb edir.

Ölkə başçısının bu istiqamətdə apardığı ardıcıl işlərə baxmayaraq yenə də bəziləri diasporanın  bir araya gəlməsində maraqlı deyil, diasporadan ancaq öz şəxsi maraqları üçün istifadə etməyə çalışırlar. Hətta bəzi diaspora rəhbərləri öz şəxsi maraqları üçün loru dildə desək “erməniyə dayı” deməyə də hazırdırlar.

Bunun bir nümunəsini bu günlərdə Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovanın timsalında gördük. O, ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib, ermənilərə hüsn-rəğbətini qeyd edib. Nəinki  sıravi ermənilərə hüsn-rəğbət bəsləyən, hətta  saxtakar erməni alimlərindən tez-tez  sitat gətirən diaspora sədrimiz də var imiş.

 

Söhbət uzun illərdir Rusiyanın  Samara vilayətində fəaliyyət göstərən “Samara vilayətindəki azərbaycanlıların liqası”  adlı diaspora təşkilatının rəhbəri Şirvan Kərimovdan gedir.

Cənab Şirvan Kərimov öz facebook  səhifəsində erməni tarixçisi Movses Xorenskinin “Ermənistan tarixi” kitabına istinad edərək əcdadlarının Azərbaycana gəlmə olduğunu qeyd edir.

Birincisi, Şirvan Kərimovun nəzərinə çatdırmaq istəyirik ki, ermənilərin əsas məqsədi bizim Qafqaza sonradan gəldiyimizi, köçəri millət olduğumuzu sübut etməkdir. Yəni biz azərbaycanlılar Qafqazın yerli, aborigen milləti deyilik. Diaspora sədri isə öz qeydləri ilə Movses Xorenskinin “dəyirmanına su tökür”.

İkincisi, Şirvan Kərimov bilməlidir ki, Movses Xorenskinin “Ermənistan tarixi” kitabı çoxdan nəinki dünya tarixçiləri, hətta rus və gürcü tarixçiləri tərəfindən saxtakarlığa, həqiqətdən və tarixi reallıqdan uzaq olmağa görə ifşa olunub. Yəni Movses Xorenskinin yazdıqlarının tarixi reallıqla heç bir əlaqəsi yoxdur.

Üçüncüsü, hörmətli diaspor sədri öz fb qeydlərində Xorenskinin  suriya tarixçisi Mar Abbas Katinə istinad etdiyini xüsusi olaraq qeyd edir.

Şirvan Kərimovun diqqətinə onu da çatdırmaq istəyirik ki, dünya tarix elmi çoxdan sübut edib ki, Mar Abbasın yazdıqları əsatir və əfsanədən başqa bir şey deyil, yəni ciddi tarix deyil.

Sözün qısas, hörmətli həmyerlimizə məsləhət bilirik ki, məşhur  tele-tamaşadakı  “Söylü  Fatma cijisindən sitat gətirən kimi”  saxtakar erməni tarixçilərindən sitat gətirib tarixi və siyasi…bəli siyasi səhvə yol verməsin.

“Siyasi” sözünü nə üçün qeyd etdik ?

Məlumata görə, Şirvan  Kərimovun  rəhbərlik  etdiyi bu diaspor cəmiyyəti  keçmiş Baş nazirinin 1-ci müavini, hazırda Azərbaycana qarşı fəaliyyət göstərən Abbas Abbasovun nəzarəti altındadır. Hətta daxil olan məlumata görə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri öncəsi Abbas Abbasov şəhər rəhbərliyinə Azərbaycanın növbəti prezidenti kimi təqdim olunurmuş. Yəni yenə yuxarıda qeyd etdiyimiz kimi diasporadan çirkin məqsədlər üçün istifadə edilir. Şirvan Kərimov isə Abbas Abbasovun göstərişi ilə Samarada fəaliyyət göstərən  diaspor cəmiyyətlərinin bir araya gəlməsinə, birgə tədbirlər keçirməsinə mane olur.

Bütün bunlar  azmış kimi  diaspora sədri rəhbəri olduğu təşkilatdan ancaq öz şəxsi maraqları üçün istifadə edir, diasporaya ancaq pul qazanmaq mənbəyi kimi baxır, öz həmvətənlərinə  savadsız kütlə kimi baxır, hər şeyi öz şəxsi iradəsi ilə həll edir. Bu isə icma üzvləri arasında ciddi narazılığa səbəb olur.

Bizim əsas məqsədimiz  kimisə ittiham etmək, kimisə qaralamaq, kiminsə fəaliyyətinə kölgə salmaq deyil.

Sadəcə, məqsədimiz  diasporamızın birgə fəaliyyətinə nail olmaq, mənfur ermənilərə qarşı vahid cəbhədən mübarizə aparmaqdır. Bunun üçün Diasporla iş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyindən xahiş edirik ki, Samarada fəaliyyət göstərən  diaspora  təşkilatlarının  bir araya gəlməsinə və milli maraqlarımıza  uyğun  fəaliyyət göstərməsinə  yardımçı olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir