Ana Səhfə Ölkə

Həkimlər niyə kəndlərdə işləmək istəmir?

Sharing is caring!

Məişət şəraiti, həkimlərə ödənilən məvaciblər və digər şərtlərin uyğunsuzluğu regionlarda vakant həkim yerlərinin boş qalmasına əsas səbəblərdən hesab edilir.

XəbərAl.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəriPərviz Abubəkirov Oxu.Az-a bildirib ki, bölgələrdə xəstəxanalar tikilib, şərait yaradılıb:

“Təəssüf ki, kəndlərə gedib, işləyən həkimlər yoxdur. Məsələ ilə bağlı nazirlik tərəfindən stimullaşdırıcı tədbirlər planı hazırlanıb və Nazirlər Kabinetinə təhvil verilib. Təklifin üzərində işlənilir. Orada stimullaşdırıcı amillər qeyd edilib”.

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dövlət ehtiyat üçün həkim və tələbələrlə ilkin müqavilə imzalamalıdır:

“Dövlət vəsaiti hesabına təhsil alan tələbə dövlətə lazım olan yerlərdə icbari işlədilə bilər. Fikrimcə, təyinat məsələsi yenidən bərpa olunmalıdır. Həkimlərin hamısında maaş eyni olmalıdır. Sadəcə, kəndlərdə işləməyə gedən həkimlərə bonuslar verilə bilər”.

Professor Adil Qeybullanın sözlərinə görə, həkimlərin ucqar kəndlərdə işləməsi üçün icbari tibbi sığorta qurulmalıdır:

“Maaşlar kəndlərə işləməyə gedən həkimlərin yaşayış səviyyəsinə uyğun olmalıdır. Bu zaman təbabətin respublika üzrə bərabər inkişafını təmin edə bilək. Digər tərəfdən, kənd yerlərinə gedən həkimlərə xüsusi imtiyazlar tanınmalıdır. Rayonlarda səhiyyə infrastrukturunun qurulması istiqamətində müəyyən addımlar atılıb, xəstəxanalar tikilib, amma onlardan əhalinin fayda görməsi üçün bütün işlər görülməyib.

Bu gün lazımi kadrlar olmadığından əhali xəstələnəndə həkim tapa bilmir. Bunları təmin etmək, səhiyyəni sistemə çevirmək üçün xeyli işlər görülməlidir. Bunun yolu icbari tibbi sığortanın təmin olunmasından keçir”.

Adil Qeybulla qeyd edib ki, hazırda bölgələrdə daha çox həkimlərə ehtiyac var:

“Həkimlər də, əsasən, paytaxtda işləmək istəyirlər. Kənd yerlərində həm vakansiyalar, həm də işləmə şəraiti yetərincə deyil. Vakant yerlər boş qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir