Ana Səhfə

Şəmkir İcra başçısı Fazil Məmmədova arxa çevirdi-Mülk davası

Sharing is caring!

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədova rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərməyi qeyri-rəsmi olaraq qadağan edib. Hətta Şəmkirdən məlumata görə, Fazil Məmmədov rayon ərazisindən qovulub.

Məsələnin kuryoz tərəfi budur ki, Alimpaşa Məmmədov Fazil Məmmədovun öz kadrıdır, hətta yaxın adamlarından biridir. F.Məmmədov onu ən sadiq və etibarlı adamı kimi öz “qalasına” – Şəmkirə göndərib. Bu rayon və onun ətrafında Fazil Məmmədovun milyonlarla yatırım etdiyi müəssisələr, özəl mülklər, tərpənməz əmlaklar var. İndi aydın olur ki, “qala” içdən çöküb – Alimpaşa öz xeyirxahına qarşı çıxıb.

Fazil Məmmədova məxsus olan “Synergy Group” MMC şirkətlər qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Qrupun tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Fazil Məmmədovun hələ də kurasiyasında olan Şəmkirdə yerləşir.

Biznesini öz vətənindən idarə etmək, yaxud da onun məlum komponentlərini yoxlamaq üçün Şəmkirə gedən sabiq nazirin belə bir aqibətlə üzləşməsi onun planlarına ağır zərbədir.

Mənbə bildirir ki, Fazil Məmmədov “Excelsior Hotel Shamkir”də özünə dəbdəbəli ofis hazırlıqları ilə məşğul imiş. Hətta sabiq nazirin ailəsi də Bakıdan Şəmkirə köçübmüş. F.Məmmədovun rayonda son dərəcə dəbdəbəli bir evinin olduğu deyilir. Ailəsi ilə birlikdə orda qalmağı planlaşdırırmış. Lakin Alimpaşa Məmmədov sabiq şefinin planlarını darmadağın edib.

Başçı F.Məmmədovun rayonla əlaqəsi olan başqa adamlarını da Şəmkirdən qovub. Mənbə bildirir ki, Fazil Məmmədovun yaxın adamlarından biri – qardaşının qaynı Turan Səidov bir vaxtlar sabiq nazirin rayondakı təmir-tikinti işlərini görürmüş. Onun “21-ci əsr” adlı şirkəti də var. Hazırda bu şirkətin fəaliyyəti iflicdi. Bildirilir ki, Şəmkirin icra başçısı özünün yaxın adamlarına yeni şirkətlər açıb, rayonla bağlı bütün təmir-tikinti işlərini yaxın çevrəsinin əli ilə gördürür.

Alimpaşa Məmmədov ötən ay Turanı yanına çağıraraq deyib ki, “bir daha ayağın Şəmkirə dəyməyəcək”. Ardınca da elə Fazil Məmmədova ismarışını yollayıb: “Ona deyin, əziyyət çəkib ofis təmir etdirməsin, mən bu rayonda başçı olan müddətdə Fazil müəllim burda yaşaya, bizneslə məşğul ola bilməz”. Deyilənə görə, başçının bu ismarışından sonra Fazil Məmmədov Şəmkiri tərk edib, Bakıya gəlib. Yaxınlarına deyib ki, o, Alimpaşayla üz-üzə gəlmək, konflikt yaratmaq istəmir. Hazırda F.Məmmədovun Şəmkirdə biznesini o, nazir olduğu dövrdə müşaviri vəzifəsində işləmiş Riyad Hüseynovun qardaşı Fərid Hüseynovun idarə etdiyi deyilir.

Maraqlıdı, Fazil Məmmədov işdən çıxarıldıqdan sonra da mühafizə və kortejlə gəzir. Bunu da sabiq nazirin yaxın ətrafından bildiriblər. Həmçinin biznesini də qoruyub saxlayıb. Ona bu qədər güzəşt edildiyi halda, Şəmkirin icra başçısı nədən keçmiş nazirlə bu cür davransın?

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir