Ana Səhfə

DTX Xocalı soyqırımı ilə bağlı geniş tədbirlər keçirdir

Sharing is caring!

Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrində xalqımızın tarixinə qanlı hərflərlə yazılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir.
Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanan tədbirlərdə qeyd olunub ki, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində bu gün erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edilir. Beynəlxalq təşkilatların diqqəti daha intensiv surətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəlib, problemin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayılır və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişir. Dünya birliyi geniş arealda və yüksək səviyyədə Xocalı soyqırımını tanımağa və pisləməyə başlayıb.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları belə qətlə yetirməkdən çəkinmirlər.
Hazırda:
• dünyanın 13 ölkəsi parlament səviyyəsində,
• ABŞ-ın 22 ştatı parlament səviyyəsində,
• İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır.
• Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olması faktı:
• BMT Təhlükəsizik Şurasının 1993-cü il aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,
• ATƏT-in 1996-cı il Lissabon Sammitinin qərarında,
• BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində,
• AŞPA-nın (2005) qərarında,
• Avropa Parlamentinin (2010) qətnaməsində,
• Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017),
• Avropa İttifaqı-Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018),
• Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin qərarlarında,
• İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII (İran, 1997) və IX konfranslarında (Qətər, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, eləcə də İƏT Xarici İşlər Nazirləri Şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə və yekun sənədlərində,
• ECO-nun 13-cü Sammitinin (İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur.
• Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir.
Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri təşkil olunub. Türkiyə, ABŞ, Almaniya, Avstriya, Belçika, Gürcüstan, Hollandiya, Fransa və digər ölkələrdə keçirilən mitinqlər, yürüşlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub.
Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir