AKTUAL

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma  prosesi

Sharing is caring!

30 ilə yaxın bir müddətdə düşmən işğalında olan Azərbaycan mədəniyyətinin mərkəzi Şuşa şəhəri başda olmaqla, digər ətraf rayonlarda da əsl barbarlıq nümunələrinin şahidi olduq. Bu hadisələri nə tarix, nə də Azərbaycan xalqı heç zaman unutmayacaqdır. İnsanlıqdan kənar olan bu mədəniyyət qatilləri- ermənilər, mədəni irsimizə ziyan vurmaqla özlərinin nə qədər qəddar, şovinist, heç bir milli, mənəvi və dini dəyərlər tanımayan və dünya insanlığına ləkə gətirəcək çirkin əməllər sahibi olduqlarını bir daha bəşəriyyətə nümayiş etdirmiş oldular. Onlar bir xalqın mədəni irsini məhv etməklə, bu abidələri dünya tarixindən silmək və əvəzində saxta erməni tarixini və mədəniyyətini dünyaya sırımaqdan belə çəkinmədilər. Ancaq el misalı var: “Yalançıçın evi yandı, heç kim ona inanmadı” prinsiplərini əsas götürən dünya bu yalanıda qəbul etmədi və ermənilər düşdükləri bu rəzil durumdan da çıxa bilmədilər. Ona görə çıxa bilmədilər ki, 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinə ancaq yalanlar uydurub təxribat xarakterli materiallar yaymaqla, ictimai fikri yayındırmaqla nə qədər antoqanis t bir mövqedə olduqlarını bir daha sübut etmiş oldular.
Ancaq tarixi ədalət və qəhrəman Azərbaycan oğulları, başda cənab Prezident İlham Əliyev olmaqla öz sözünü dedi. 44 günlük Vətən savaşında düşmənə elə bir göz dağı verdik ki, çətin düşmən birdə özünə gələ bilsin. Qısa bir müddətdə sübut etdik ki, erməni ordusu mifdən başqa bir şey deyildir. Bütün bu sadalanan uğurların arxasında Prezident-Xalq, Xalq-Prezident birliyi dayanır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz uzun illər ərzində Ermənistan işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edimişdir. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına məskunlaşmağa başlamışlar. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilmişdir. Apardığımız planlı iş nəinki Ağalı və ətraf kəndləri, ümumilikdə işğaldan zərər çəkmiş bütün ərazilərdə məqsədyönlü şəkildə həyata keçirilməkdədir. Azad olunmuş ərazilərdə xarici mütəxəssisləri cəlb etməklə və yerli mütəxəssislərin rəyi nəzərə alınmaqla şəhər və rayonların baş planları hazırlanaraq ölkə başçısına təqdim edilmişdir.
Cari ilin 27 iyun tarixində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərimizi dəyişdirək” adlı 11-ci sesiyasında Prezident İlham Əliyevin də dediyi kimi:” Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inkluziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Azad edilmiş ərazilərdə yenidən qurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı , Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib” .
Bəli, budu r Prezident İlham Əliyevin uğurlu siyasətinin bəhrəsi. Artıq zaman Azərbaycanın xeyirinə işləyir. Çalışmalıyıq ki, bütün imkanları səfərbər edib qarşıya qoyulan hədəflərə tez çataq ki, uzun illərdir respublikamızın demək olar ki, bütün bölgələrində məskunlaşmış məcburi köçkün ailələrini tez bir zamanda öz doğma yurdlarına qovuşduraq. O insanlar ki, bu qayıdışın həsrətini illərdir gözləyir. Yurda qayıdışdan sonra Azərbaycanın yeni çiçəklənmə dövrü başlayacaqdır. İnfrastrukturun yenidən qurulması, yeni şəhər planlanması, sənaye parkların tam gücü ilə işləməsi həm əhalinin güzaranını yaxşılaşdıracaq, həm də bölgənin inkişafını sürətləndirəcəkdir. İşğaldan azad edilmiş ərazilərin böyük əksəriyyətinin turizm potensialı olduqca güclüdür. Kəlbəcər rayonu başda olmaqla, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının potensialından istifadə etməklə, bölgəni turizm mərkəzinə çevirmək olar. Bu həm bölgənin inkişafına, məşğulluq problemin həll olunmasına , həm xarici investorların cəlb edilməsinə, həmçinin də xarici turist axınına səbəb olacaqdır. Bütün bu sadalanan işlərin həyata keçirilməsidən həm xarici investorlar, həmdə Azərbaycan dövləti və Azərbaycan xalqı yararlanacaqdır.
Bütün bu komleks tədbirlərin həyata keçirilməsi üçün güclü iqtisadityyat lazımdır. Sevindirici haldır ki, bütün bu sözügedən layihələr Azərbaycan dövlətinin maliyyə resursları hesabına həyata keçirilir. İqtisadi imkanlarımız imkan verir ki, yaxın zamanlarda bütün layihələri həyata keçirə bilək. Bunun üçün hər bir azərbaycanlı səylə çalışmalı və işləməlidir ki, Azərbaycan dövləti dahada yaxşı inkişaf etsin və rasional hədəflərə tez çatmış olsun.

Mürvət İbrahimov,
tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir