AKTUAL

Vüqar Rəhimzadə: Vaksinasiya prosesində fəal iştirak edək, yenidən qapanmalara yol açmayaq!

“Koronavirus infeksiyasının dünyanı cənginə aldığı ötən iki ilə yaxın müddətdə Azərbaycan ilk gündən istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə bu dəhşətli bəşəri bəlaya qarşı mübarizədə ardıcıl və məqsədyönlü  tədbirləri ilə fərqlənir. Əksər dövlətlərin ilk günlərdən  özünəqapanmaya üstünlük vermələrinə dərhal münasibət bildirən dövlət başçısı  İlham Əliyev qlobal  problemə qarşı birgə mübarizənin aparılmasına, hər bir ölkənin öz təcrübəsini ortaya qoymasına çağırışlar etdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi,  Azərbaycanın  Ümumdünya Səhiyyə Təşkilatına  – 5 milyonu qurumun ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə  yardım üçün nəzərdə  tutulan 10 milyon dollar məbləğində könüllü ianə  ayırması,   30-dan artıq ölkəyə humanitar yardım göstərməsi bütün bunlara əyani sübutdur. Bundan əlavə, Prezident İlham Əliyevin  bəzi inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi”  siyasətinə etirazını ifadə edərək bu məsələyə münasibətdə  BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürməsi  və  həmin sənədin  cari ilin mart ayında yekdilliklə qəbul edilməsi və sair kimi biri-birindən əhəmiyyətli addımları ölkəmizin bu bəladan yalnız özünün deyil, bütün ölkələrin az itki ilə çıxmasında maraqlı olduğunu nümayiş etdirir. Eyni zamanda,  Azərbaycan hazırda inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırır.  Hesab edirəm ki, Azərbaycanın COVID-19-la mübarizədə tətbiq etdiyi  modelin Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən  nümunə kimi təqdim  olunması ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin əyani  təzahürüdür.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə daxilində həyata keçirilən mübarizə tədbirlərinə yönəldərək xüsusi vurğulayıb ki, ölkəmizdə  əhalinin sağlamlığının qorunması, vətəndaşların beynəlxalq standartlarına uyğun tibbi yardımla təmin olunması  həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir: “Dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin gücləndirilməsini zərurətə çevirdi.  Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirilməsi görülən işlərin səmərəliliyinə  təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla yanaşı,  sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli ”Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında  görüləcək  işlərin ümumi  mənzərəsi təqdim olunmuşdur.”

“COVID-19-la mübarizənin ilk günlərindən başlayaraq Azərbaycanda bu məqsəd üçün zəruri infrastruktur yaradıldı, bütün texniki-təşkilati məsələlər uğurla həll edildi” söyləyən baş redaktor qeyd edib ki,   13 modul tipli xəstəxana,  «Yeni klinika» kimi unikal tibb müəssisəsi istifadəyə verildi: “Koronavirus infeksiyasından  qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına  başlanıldı. Dünya ölkələrindən təcrübəli həkimlər  dəvət edildi. Karantin rejimlərinin, məhdudiyyətlərin  tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Pandemiyanın ikinci, üçüncü dalğalarının, müxtəlif ölkələrdə  fərqli ştammlar haqqındakı xəbərlərin yayıldığı zamanlarda belə ölkəmizdə  mübarizə tədbirlərinin gücləndirilməsinə  diqqət artırıldı. Bütün bunların məntiqi nəticəsidir ki, hazırda ölkəmizdə «Azərbaycan Respublikasında  COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun olaraq peyvəndləmə prosesində iştirak edən   könüllülərin sayı artmaqdadır.”

V.Rəhimzadə dövlətin həyata keçirdiyi bu tədbirlər fonunda son günlər daha çox nəzərə çarpan vətəndaşların daha ciddi yanaşmamasının yaratdığı problemləri təəssüflə qeyd edib: “Təəssüflər olsun ki, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında yenidən artım müşahidə edilməkdədir. Bu hal yenidən sərt karantin rejiminin tətbiqi məsələsini gündəmə gətirə bilər. Nəhayət, hər birimiz dərk etməliyik ki, məhdudiyyətlərin yenidən tətbiq edilməsini istəməsək də, laqeydliyimizlə, arxayınçılığımızla vəziyyətin ağırlaşmasına, virusa yoluxmanın artmasına səbəb oluruq. Statistikaya uyğun olaraq karantin rejimində sərtləşmələr və yumşalmalar müsbət addım kimi dəyərləndirilsə də, vətəndaş məsuliyyətsizliyi  ciddi problemlərin yaranmasına rəvac verir.  Bir neçə ay əvvəl yoluxma sayı xeyli azalsa da, iyulun sonlarından etibarən günbəgün artan rəqəmlər artıq 2 mini ötüb. Hazırkı narahatedici şərait onu deməyə əsas verir ki, əgər yoluxma sayı kəskin şəkildə artarsa,  yenidən qapanmalara gedilməsi artıq qaçılmaz olacaqdır. Yoluxma hallarının kəskin artımının qarşısını almaq, sərt karantin rejiminin tətbiq edilməməsi üçün profilaktik qaydalara əməl edilməsi ilə yanaşı, vaksinasiyada sağlamlıq imkanlarımız çərçivəsində fəal iştirak etməyimiz önəmlidir. Artıq  avqustun 9-dan COVID-19 əleyhinə peyvəndə əks-göstərişi olan vətəndaşlar üçün “Əks-göstəriş sertifikatı”nın verilməsinə başlanılıb. Vaksinasiya üçün əks-göstərişi olanlar ilk növbədə poliklinikalara müraciət edərək  həkimlər tərəfindən müayinə olunmalıdırlar. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” veriləcək.”

V.Rəhimzadə bütün bunlardan əlavə günümüzün əsas çağırışlarını da diqqətə çatdırıb: “Qaydalara ciddi riayət edək. Arxayınçılığa son qoyaq, gigiyena və təhlükəsizlik qaydalarına əməl edək, gündəlik həyatda bu qaydaların pozulması hallarının qarşısını alaq. Mövcud vəziyyətlə əlaqədar vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunmalarına, qapalı məkanlarda maskadan istifadəyə, sosial məsafənin saxlanmasına, gigiyenik qaydalara riayətin zəruriliyinin təbliği istiqamətində işlərin gücləndirilməsinə dəstək göstərək.”

Baş redaktor onu da diqqətə çatdırıb ki, laqeydliyin və təhlükəsizlik tədbirlərinə riayət olunmamasının hansı ağır nəticələrə gətirib çıxartdığı günümüzün reallıqlarında öz əksini tapıb: “Ölkə ictimaiyyətinə  əsas mesaj budur ki, yoluxma və ölüm sayında artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin  tətbiqi məsələsi gündəmə gələ bilər. Qonşu ölkələrdə – Gürcüstanda, Rusiyada, İranda   son sutkada yoluxmalar kəskin şəkildə artıb.  Təbii ki,  virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də “sos” siqnalı olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri  yeni ştammların  yarana biləcəyini,  onların sayının artacağını bildirir. ABŞ-ın baş infeksionisti isə bildirir ki, vaksinlərə qarşı müqavimət göstərə bilən ştammlar peyda ola bilər.”

Vüqar Rəhimzadə bir daha vətəndaşları məsuliyyətli olmağa, vaksinasiya prosesində fəal iştirak etməyə, ən əsası hər bir məsələnin həllində vacib amil olan maarifləndirmə işinin gücləndirilməsinə töhfələr verməyə çağırıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir