AKTUAL

Azərbaycanın sabiq nazirinin oğlu radikal dini təriqətə üzv olub

Sharing is caring!

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb.

Faktaz.com “Yeni Müsavat”a istinadən xəbər verir ki, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.

Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun kapitalı hesabına formalaşıb, dirçəlib. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır.

Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir