AKTUAL

Vüqar Rəhimzadə: Mina qurbanlarının sayının artması təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır

Tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sənədin tələblərini kobud şəkildə pozmaqda, dünya isə təcavüzkar dövlətin növbəti özbaşınalığını susqunluqla izləməkdə davam edir. Məlumdur ki, hazırda günümüzün əsas problemi işğaldan azad edilmiş torpaqlarımızda bərpa planlarının həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsidir. Mənfur düşmən 30 illik işğal dövründə Qarabağda çağdaş dünya tarixində misli görünməmiş vandalizm aktları törədib, bütün tikililəri, tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə yanaşı, həm də Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində tərk etməyə məcbur olduğu ərazilərimizdə müxtəlif növ minalar və digər partlayıcı qurğular yerləşdirib. Faktlar və rəqəmlər sübut edir ki, 10 noyabr razılaşmasına uyğun olaraq mərhələli şəkildə boşaldılan Kəlbəcər, Ağdam və Laçın rayonlarında isə minalanmış sahələr daha böyük əraziləri əhatə edir.

İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı hərbi və siyasi məğlubiyyətinin təsdiqi olan 10 noyabr razılaşmasının tələblərinə uyğun olaraq Ermənistan minalanmış sahələrin xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməlidir. Lakin havadarlarının dəstəyinə bel bağlayan təcavüzkar dövlət Azərbaycanın bütün səylərinə baxmayaraq, müxtəlif bəhanələrlə bu prosesi uzadır. Məhz bütün bunların nəticəsidir ki, hərbi əməliyyatların başa çatmasından sonra Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular xeyli sayda hərbi qulluqçularımızın, mülki vətəndaşlarımızın həyatına son qoyub, onların ağır yaralanaraq əlil olmalarına səbəb olub. Statistikaya görə, bu müddətdə 140 nəfərdən çox Azərbaycan vətəndaşı erməni işğalçıları tərəfindən Qarabağ torpağında basdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Son aylarda işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsinə, minlərlə bu tipli hərbi sursatın zərərsizləşdirilməsinə baxmayaraq, vaxtilə yağı düşmənin apardığı qeyri-insani əməliyyatların miqyası geniş olduğuna görə mina qurbanlarının sayı artmaqda davam edir.

İyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin işğaldan azad edilmiş bu rayonun ərazisində vəzifə borclarını yerinə yetirərkən minaya düşərək həlak olmaları Azərbaycanın son vaxtlar artmaqda olan mina təhlükəsi ilə bağlı həyəcan təbili çalaraq beynəlxalq aləmə edilən müraciətlərin, çağırışların miqyasının daha da genişlənməsini zərurətə çevirib, bu məsələnin həllinin təxirə salınmadan vacib olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırıb. Bəli, nəhayət, dünya ictimaiyyəti görməli və anlamalıdır ki, minalanmış ərazilər problemi təkcə öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün deyil, ümumilikdə region üçün bitib-tükənməyən faciələrin mənbəyi olaraq qalmaqdadır.”

 Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin heç bir hüquqi, siyasi və hərbi əsası yoxdur: “İşğalçı dövlət bu addımı ilə bir daha beynəlxalq hüquqa məhəl qoymadığını təsdiqləyir. Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında”, “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında”, “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Beynəlxalq Konvensiyaların müddəalarına nümayişkəranə surətdə məhəl qoymaması dünya birliyini hərəkətə gətirməlidir. Nəhayət, beynəlxalq aləm 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, özünün antibəşəri davranışları ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların hec bir təzyiq göstərməmələrinin, təcavüzkara qarşı sanksiyaların tətbiqi barədə belə düşünməmələrinin sonda hansı vəziyyətə gətirib çıxardığının fərqində olmalıdır. Son 30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan dəfələrlə ən yüksək tribunalardan beynəlxalq huququn bütün dövlətlərə tətbiqi ilə bağlı vahid mexanizmin müəyyənləşdirilməsini tələb edib. Amma çox təəssüflər olsun ki, bugünümüzün reallıqlarından da göründüyü kimi, ikili siyasət hələ də dünya birliyi üçün həlli müşkül məsələyə çevrilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün rəsmi “İnstaqram” səhifəsində iyunun 4-də Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı paylaşımında bir daha ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərmələrinin zəruriliyi ilə bağlı çağırış edib. Düşünürəm ki, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar bu çağırışa adekvat cavab verməli, Azərbaycanda mina qurbanlarının sayının artması nəhayət, təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır. Azərbaycanın aparıcı media qurumlarından birinin rəhbəri kimi bu gün təəssüf hissi ilə qeyd etməliyəm ki, jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları da AZƏRTAC-dan və Azərbaycan Televiziyasından olan həmkarlarımızın faciəli surətdə həlak olmaları ilə nəticələnmiş ermənilərin son mina təxribatlarına hələ də susqun münasibət nümayiş etdirirlər”.

 V.Rəhimzadə bildirib ki, məlum olay hazırda dünyanın aparıcı media qurumlarının, o cümlədən informasiya agentliklərinin və digər xəbər resurslarının diqqət mərkəzindədir. Xəbərlərdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməsi, Ermənistanın isə bundan israrla imtina etdiyi öz əksini tapır. Azərbaycan jurnalistləri də öz növbəsində hadisə ilə bağlı xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciətlər qəbul edirlər. Artıq 120-dən çox media, jurnalist təşkilatlarının rəhbərləri və müstəqil jurnalistlər tərəfindən imzalanan müraciətdə də bir daha dünyaya bu çağırış edilir ki, Ermənistanın Azərbaycan ərazisində son mina əməliyyatı məqsədli şəkildə törədilən təxribatdır, ümumbəşəri dəyərlərə birbaşa təhdid əməlidir.

 “İşğalçı Ermənistan minalı sahələrin xəritələrini niyə vermir” sualı ətrafında fikirlərini ümumiləşdirən baş redaktor qeyd edib ki, bu sualın 30 ilə yaxın dövrdə susmağın hansı nəticələrə yol açdığının şahidi olan dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara təkrar-təkrar ünvanlanması özündə bir sıra mesajları ehtiva edir: “Zamanında dünyanın güc mərkəzləri, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana «dur!» deyib, törətdiyi cinayət əməllərinə, beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymaq üçün təzyiqlər göstərsəydilər, problem çoxdan sülh yolu ilə öz həllini tapmış olardı. Amma şükürlər olsun ki, bu gün ortada 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinin diktə etdiyi reallıqlar var. Ermənistan bu gün havadarlarının ona göstərdikləri qayğıdan nə qədər ruhlansa da, bu reallıqların rəmzi olan Azərbaycanın “Dəmir yumruq” əməliyyatını unutmamalıdır. Hesab edirəm ki, Ermənistanın 44 günlük müharibənin qalibi olan Azərbaycanın təklif etdiyi sülh variantına biganə yanaşması da dünyanın diqqətində olmalıdır. Bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik istəyən, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün dövlətlər Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə sərt mövqe nümayiş etdirməlidirlər. Onlar nəhayət, Ermənistana minalı ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı sadəcə bəyanatlar şəklində müraciət etməklə kifayətlənməyin heç bir nəticə verməyəcəyini anlamalı, daha sərt tədbirlərə əl atmalıdırlar. Xüsusilə 10 noyabr razılaşmasına imza atan tərəf, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya bölgədə sülhməramlı missiyanı yerinə yetirməklə bağlı üzərinə götürdüyü məsuliyyətdən irəli gələrək bu istiqamətdə səylərini daha da artırmalıdır. Həmçinin beynəlxalq hüquq müdafiə təşkilatları Ermənistanın təcavüzkar dövlət kimi ifşa edilməsi işinə dəstək göstərməlidirlər. Anlamalıdırlar ki, onların loyallığından ruhlanan işğalçı Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana verməməsi dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və sağlamlıqlarını itirməyə məhkum etmək deməkdir. Bu isə, şübhəsiz, insanlıq əleyhinə cinayətdir. Eyni zamanda, unutmaq olmaz ki, dünya ikili standartlar fonunda hüquq problemini yaşadıqca münaqişə bölgələrində vasitəçilik missiyalarını təklif edən aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara etimadsızlıq mühiti dərinləşir, münaqişəli məsələlərin həllində səbrin tükənməsi sülh variantının müharibə yolu ilə əvəzlənməsinə səbəb olur ki, bu da sonu görünməyən insan faciələrinə gətirib çıxarır. Məsələyə bu kontekstdən yanaşaraq sonda bir daha dünyanın güc mərkəzlərinə 30 ilin laqeydliyinin 44 günlük Vətən müharibəsində Böyük Zəfərimizlə yekunlaşdığını xatırlatmaq istərdik.”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir