AKTUAL manset

“Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq deyildi, həm də…”

Fəzail Ağamalı: “Ehtiyac olarsa, bu məsələ dövlət başçıları səviyəsində öz həllini tapa bilər”

“Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimləri düşmənə sadəcə xəbərdarlıq mesajı deyil

Bu gün Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başa çatıb. Sabah isə Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfər edəcək.

Maraqlıdır, Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Bu münasibətlərin daha da inkişaf etdirilməsi, konfederasiya və s. kimi birlik formasında yeni bir mərhələyə qaldırılmasına ehtiyac varmı?

Moderator.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bu münasibətlərin sürətlə inkişaf etdiyini və gələcəkdə də inkişaf etməkdə davam edəcəyini vurğulayıb:

“Azərbaycan-Türkiyə münasibətləri öz yüksək inkişaf dövrünü yaşamaqdadır. Bu münasibətlər bütün sahələri əhatə edir. Bu, heç də təsadüfi deyil. Ulu öndərimizin dediyi kimi, biz bir millət, iki dövlətik.

Hörmətli Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyə çox gücləndi. Onun rəhbərliyi dönəmində Türkiyənin dövlətçiliyi daha da möhkəmləndi. Beynəlxalq aləmdə nüfuzu daha da artdı. Vaxtiylə Türkiyəni küncə sıxışdıran Qərb, indi Türkiyənin gücü ilə hesablaşmalı olur. Türkiyə həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan sürətlə inkişaf etməkdədir. Türkiyənin bu cür sürətli inkişafında böyük dövlət adamı, Azərbaycana böyük sevgisi olan çox hörmətli R.T.Ərdoğanın misilsiz rolu var. Türkiyə bu gün İraq, Suriya, Livan kimi ölkələrdə də öz hərbi qüdrətini ortaya qoyur. Türkiyə Qafqazda da xüsusi aktivlik sərgiləyir və Azərbaycanı birmənalı şəkildə müdafiə edir.

Tovuz istqiamətində gedən döyüşlərdə Türkiyə həm XİN, həm Müdafiə Nazirliyi, həm də ölkə prezidenti səviyyəsində ciddi mövqe ortaya qoydu, Ermənistana və onun arxasındakı ölkələrə əhəmiyyətli mesajlar verdilkər. Bunun üstündən çox keçməmiş Türkiyə ilə Azərbaycan arasında bugünə qədərki təlimlərin ən uzunu və irimqiyaslı keçirildi. Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq mahiyyəti daşımırdı. Bu təlimlərdə həm də, gələcəkdə ehtiyac olarsa, Türkiyə və Azərbaycanın hərbi qüvvələrinin birgə hərbi əməliyyatlarda iştirakının üsul və formaları məşq edildi.

Son vaxtlar Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi ilə bağlı təkliflər səslənir ki, bu da tamamilə mümkündür. Ehtiyac olarsa, dövlət başçıları səviyəsində bu məsələ öz həllini tapa bilər. Bəzi şəxslər konfederasiya ilə bağlı da fikirlər səsləndirir. Hesab edirəm ki, bu, indiki zaman kəsimində o qədər də aktual deyil. Ola bilsin ki, gələcəkdə türkdilli dövlətlərin fəaliyətini əlaqələndirəcək yeni formatlar meydana çıxsın. Bu, istisna deyil.

Türkiyə ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir. Iki dövlət asrasında münasibətlər bundan sonra da inkişaf etməkdə davam edəcək. Bu cür müttəfiqlik cənab İlham Əliyevin dediyi kimi, dünya dövlətlərinin heç birinin arasında yoxdur. Bu münasibətlə hər iki dövlətin strateji maraqlarına tamamilə uyğundur və onların inkişafına öz töhfəsini verməkdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir