AKTUAL manset

“Sevinc Osmanqızı atasının ruhuna xəyanət edib” – Partiya sədri

Sharing is caring!

“Ermənilərin məkrli planlarının içərisində Azərbaycana xəyanət edən antimilli qüvvələr də yer alıblar. Son günlər müşahidə edirik ki, onlar Ermənistanın təcavüzünə haqq qazandıraraq Azərbaycan dövlətinin, ordusunun, eyni zamanda vətənpərvər insanlarının bu təcavüzə qarşı gərgin və kəskin xarakter daşıyan, ciddi nəticələr verən mübarizəsinə kölgə salmağa çalışırlar”.

Bunu Azvision.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, düşmənin Azərbaycana qarşı informasiya müharibəsində müxalifətdən yararlanması halı ilk dəfə baş vermir.

“Sevinc, Arif, Vidadi kimi antimilli qüvvələr Vətənə və özlərinin nəslinə, soy-kökünə xəyanət edən insanlar düşmənin məkrli planlarında ciddi şəkildə yer alıblar. Heç şübhəsiz ki, onlar ermənilərin ayırmış olduqları vəsaitlər, çirkli pullar hesabına xaricdə özlərinə komfort həyat qurublar. Bu tip insanlar uzun illərdən bəri Azərbaycana qarşı informasiya müharibəsində aktivlik və canfəşanlıq göstərməkdədirlər. Düzdür, onların sözü beynəlxalq miqyasda heç bir çəkiyə malik deyil. Çünki bu antimilli qüvvələr Azərbaycan auditoriyası üçün işləyir və son hadisələr – Tovuz döyüşləri zamanı həmin adamlar yenidən aktivləşdilər”.

Millət vəkili bildirib ki, iyul döyüşlərində ordumuzun göstərmiş olduğu qəhrəmanlıq, şücaət cəmiyyətimiz və xalqımız tərəfindən, eyni zamanda xaricdə yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilməklə bərabər, həm də Azərbaycanın haqq işinin müdafiə olunmağa, Ermənistanın təcavüzkarlıq niyyətlərini ifşa etməyə hesablanmış bir sıra təqdir olunası addımlar atıldı:

“Belə mübarizə xüsusi olaraq özünün əhəmiyyətli bir mərhələsinə qədəm qoyub. Bu baxımdan xaricdə yaşayan vətənpərvər soydaşlarımızı alqışlayıram, onlara bir vətəndaş və milət vəkili kimi dərin təşəkkürümü bildirirəm. Məhz onların bu vətənpərvərliyinin qarşısını almaq, ona ləkə vurmaq və ermənilərə xüsusi rəğbət ifadə edərək düşmənin yanında olmağı göstərən antimilli qüvvələr ermənilərin məkrli və hiyləgər siyasətinin içərisində yer aldıqlarnı bir daha sübut etdilər. Bu birmənalıdır. Həmin mühacirlərə bununla bağlı xüsusi “resep”tlər verilir və həmin “resep”tlər əsasında onlar təbliğatları, fikirləri ilə ermənilərin məqsədlərini önə çəkir və xalqımızı ləkələməyə çalışırlar”.

Partiya sədri onu da qeyd edib ki, belə bir həssas dönəmdə atası ermənilər tərəfindən qətl edilən Sevinc Osmanqızı kimi birinin nümayişkaranə şəkildə təxribatlarda Azərbaycanı suçlaması onun iç üzünü ortaya qoymuş oldu: “Sevinc xüsusi olaraq lənətlənmiş insandır. Çünki o atasının ruhuna xəyanət edib. Onun atası 91-ci ilin noyabrında Qarakənd yaxınlığında məhz ermənilərin terroru nəticəsində öldürülüb. Bu hadisə zamanı Azərbaycanın o zamankı yüksək rütbəli məmurları da şəhid olmuşdular. O, bu cür faciəni unudaraq, öz atasının ruhuna xəyanət edərək ermənilərin xeyrinə addımlar atırsa, deməli, bu dünyada bütün mənalarda öz şərəf və ləyaqətini itirən kateqoriyaların içərisində yer alıb. Sevinc təkcə atasının ruhunu təhqir etməklə kifayətlənmir, eyni zamanda özündən törəyən övladları üçün də çox pis, acınacaqlı bir miras qoyur. Ona görə düşünürəm ki, həm Sevinc, həm Vidadi və Arif Məmmədov, həm də digərləri bu gün terrorun yanında olduqlarını aşkar göstərdilər. Bu adamlar çıxıb vidoegörüntülərlə terrora haqq qazandırırlarsa, deməli, onlar da terrorçularla bərabərdilər. Çünki terroru törədənlər, onu dəstəkləyən və onun yanında olan eyni cür məsuliyyət daşıyır. Bu baxımdan düşünürəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları həm Sevinc, həm Arif, həm də digərləri – bu cür antimilli şəxslər haqqında xüsusi cinayət işi açmalı və İnterpola təqdim etməlidirlər. Çünki onların əməllərində bu baxımdan kifayət qədər cinayət var”.

Fəzail Ağamalı onu da vurğulayıb ki, xüsusi aktivlik göstərən antimilli qrupun son hadisələrlə bağlı söyləmiş olduğu fikirlər Azərbaycan xalqı tərəfindən böyük nifrətlə qarşılanıb: “Mən də sosial şəbəkələri izləyirəm və müşahidə edirəm ki, əhalimizin, xalqımızın mütləq əksəriyyəti bu mühacirləri, yalançı müxalifətçiləri lənətləyərək layiq olduqları sözləri, ifadələri çatdırırlar. Bu, artıq bizim cəmiyyətin bir daha ayıq-sayıq və güclü olduğunu, xalqımızın torpağına bağlı, dövlətimizlə həmrəy olduğunu nümayiş etdirdi. Ona görə də, bütün mənalarda internet saytlar və sosial şəbəkələrdən istifadə edib, bu cür antimilli ünsürlərə qarşı ifşaedici mövqe nümayiş etdirmək lazımdr. Yeri gəlmişkən, demək istərdim ki, xaricdə yaşayan vətənpərvər soydaşlarımız da artıq ermənilərin bu cür məkrli planlarına qarşı çox diqqətli olmalı və proseslərə son dərəcə həssas yanaşmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir