AKTUAL manset

Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır

Sharing is caring!

İnsanları vahid məqsəd, niyyət uğrunda birləşdirən, dövlətin, cəmiyyətin və vətəndaşın birgə və qarşılıqlı fəaliyyətini təmin edən “Könüllülük” Azərbaycanda vətənpərvərliyin, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılığın göstəricisidir.
Hazırda dünya ölkələrini çoxsaylı insan tələfatı ilə yanaşı, bir sıra iqtisadi, siyasi, tibbi və sosial problemlərlə üz-üzə qoyan Koronovirus pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, başlıca olaraq, pandemiya nəticəsində yaranmış fəsadları aradan qaldırmaq və təhlükədən daha az itki ilə çıxmağa yönəlmişdir. Daim öz iradəsi və sərbəst seçimi ilə əvəzi ödənilməyən, cəmiyyətə faydalı olan fəaliyyətlərdə iştirak edən könüllülər də hazırda ölkədə pandemiya şəraitində həyata keçirilən müxtəlif yönlü tədbirlərdə öz fəallığı ilə seçilən vətəndaşlarımızdandır.
Bütün dünyada pandemiyanın geniş vüsət aldığı bu günlərdə Azərbaycan Respublikasının bir sıra dövlət qurumlarının könüllüləri tənha yaşayan ahılları, yoxsul, aztəminatlı ailələri ziyarət edir,onların gündəlik tələbatlarının, zəruri ehtiyaclarının təmin olunmasına yardım edir, vətəndaşı olduqları xalqa, cəmiyyətə mənəvi dəstəklərini əsirgəmirlər.
Qürurverici haldır ki, paytaxt və regionlarda “Böyüklərimizi qoruyaq” devizinə dəstək verən könüllülər minlərlə yalnız yaşayan, köməyə ehtiyacı olan yaşlı və qocalara, şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyətli vətəndaşlara baş çəkmək, onlar üçün vacib olan ərzaq məhsullarını, dərman vasitələrini alaraq ünvana çatdırmaq kimi lazımi yardımlar göstərməkdədirlər.
Könüllülərin pandemiya şəraitində atdığı bu xeyirxah addımlar onların dövlət və xalq qarşısında təmənnasız xidmətə, sözün əsl mənasında, “könüllü” olmasının təzahürüdür. Biz haqlı olaraq gənc könüllülərimizlə fəxr edə bilərik.
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Ümidvarıq ki, bu çətin pandemiya şəraiti sona çatdıqdan sonrakı zamanda da xalqımız bu xeyirxah, mənəvi dəyərlərinə sadiq qalacaqdır.

Nəsimi rayon könüllüsü,
Nailə Oruclu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir