AKTUAL manset

Səlyan Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov Ramazan Bayramı Münasibəti İlə Rayon Sakinlərini Təbrik Edib

Sharing is caring!

Salyan Rayon İcra Hakimiyyəti başçısının
Ramazan bayramı münasibətilə rayon sakinlərinə təbriki

Əziz salyanlılar!
Sizi möhtəşəm və sevinci hədsiz, on bir ayın sultanı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı çatdırıram.
Ramazan ayında nazil olan müqəddəs kitabımız Qurani-Kərimdə buyurulan kimi, məhz bu savab və mərhəmət ayında bütün müsəlman dünyası cəmiyyətimizdə humanizmin, birliyin və bərabərliyin təntənəsini nümayiş etdirir. Ay boyunca dözüm, xeyirxahlıq, yardımlaşma mənəvi kamilliyə aparan yolda insanın nəfs üzərində qələbəsinin sevincini yaşadır.
Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edən hər bir kəs Ramazan ayında icra edilən mərasimlərdə xalqımızın və dövlətimizin əmin-amanlığı və inkişafı naminə dualar səsləndirir, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini ehtiramla yad edirlər.
Dünyanı bürüyən koronavirus pandemiyası dövrünə təsadüf edən bu ilki Ramazanda Allah dərgahında edilən duaların əsasını bu virusdan tezliklə xilasolma, nicat tapma niyyətləri təşkil edir. Məhz bu pandemiya dövründə insanlar həmrəylik, birlik və bərabərliyin, humanizmin ən yüksək dəyərlərini ikiqat nümayiş etdirmiş oldular.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri ilə icra olunan qabaqlayıcı tədbirlər insanlarımızın bu bəladan az itkilərlə xilas olması üçün şərait yaratmışdır. Bununla da tənha və kimsəsizlərə əl tutmaq, yaşlılara kömək etmək, yardıma ehtiyacı olanların çağırışına yetişməklə xalqımızın ta qədimdən malik olduğu adət-ənələlərin bu gün də qorunub saxlandığının və inkişaf etdiyinin şahidi olduq.
Respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da bu müqəddəs ayın ayinlərini icrası nəticəsində insanlar mütərəqqi İslam dəyərlərinin qorunub saxlanması, milli-mənəvi irsimizin köklərinə sadiqliyimizi nümayiş etdirirlər. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda aparılan islahatlar, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən infrastruktur dəyişikliklər xalqımızın bütövlüyünü, vəhdətini, bizim birlikdə güclü olduğumuzu bir daha göstərir.
Əziz salyanlılar!
Sizi bir daha müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, dua və niyyətlərinizin Uca Yaradan tərəfindən qəbul olunmasını, süfrələrinizə bol ruzi və bərəkət, ailələrinizə xoşbəxtlik və səadət arzulayıram.
Ramazan bayramınız mübarək!

Sevindik Hətəmov,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir