AKTUAL manset

Məmur həbslərinin səbəbi: Prezidentin hədəfi budur

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə keçirilən kadr və struktur islahatları son vaxtlar daha əhatəli formada davam edir. Bunun məntiqi davamı olaraq Dövlət Təhlükəsizliyi Xidməti müxtəlif dövlət orqanlarında xüsusi əhəmiyyətli əməliyyatlar keçirir və işində nöqsanlara yol verən şəxslər vəzifədən azad edilir və cəzalandırılır.

Bu sözləri Xəbəral.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva son vaxtlar DTX-nin keçirdiyi səs-küylü əməliyyatlar haqda danışarkən deyib. Q.Paşayeva bildirib ki, burada ən önəmli məqam DTX-nin cənab Prezident İlham Əliyevin siyasətini və hədəfini icra etməsidir:

“Biz görürük ki, dövlət orqanlarında çalışan və işində ciddi nöqsanlara yol verən şəxslərin idarəetmədən təmizlənməsi prosesi gedir və bu müsbət dalğaya Prezident şəxsən özü nəzarət edir. Xatırlayırsınızsa, cənab Prezident İlham Əliyev bu şəxslərə dəfələrlə xəbərdarlıq etmiş, onları qanunsuz əməllərindən əl çəkməyə çağırmış, cəzalanacaqlarını bildirmiş və bu niyyətli şəxslərin dövlət vəzifəsi tutmaqla özlərini bədbəxt etməməsini tövsiyə etmişdi. Bu tələb, xəbərdarlıq və tövsiyənin qarşısında bəzilərinin rüşvət və korrupsiya hallarına davam etdirməsi sadəcə anlaşılan deyil. Belələri dərk etməlidirlər ki, ortada cənab Prezidentin iradəsi var və heç kimə güzəşt olunmayacaq”.

Komitə sədri DTX-nin yüksək peşəkarlıqla, bir-birinin ardınca və yüksək peşəkarlıqla keçirdiyi əməliyyatların xalq tərəfindən böyük həssaslıqla izləndiyi və ciddi şəkildə dəstəkləndiyini də bildirib:

“Cənab Prezident Kəlbəcər rayonuna təyin edilən yeni icra başçısını videformatda qəbul edərkən bir daha bildirdi ki, xalq bu prosesi dəstəkləyir və bizim yanımızdadır. Bu, birmənalı belədir və xalqın cənab Prezident İlham Əliyevə sevgisinin səbəblərindən biridir. Düşünürəm ki, bu əməliyyatlar ölkədə rüşvət və korrupsiya hallarına yol verən şəxslərin sistemdən tam təmizlənməsinə qədər davam etməlidir və edəcək də. Biz bunu həm icra başçılarının, həm də mədəniyyət nazirinin müavininin və idarə rəisinin qanunsuz əməllərinin üstünün açılmasın və həbs edilməsi prosesində də gördük”.

Deputat qeyd edib ki, bəzi şəxslər sosial şəbəkələrdə ölkəmizdə gedən bu müsbət proseslərə qara yaxmağa çalışırlar:

“Təəssüf ki, bəzi adamlar bu önəmli islahat dalğasına, belə deyək, bu aydınlanma prosesinə çamur atmağa cəhd edirlər. Onlar vəzifə başında qanunsuzluqlara yol verən şəxslərin daha əvvəl məhz Prezident tərəfindən bu vəzifəyə gətirildiyini arqument kimi göstərməyə çalışırlar. Ancaq məsələyə bu qədər bəsit və səthi yanaşmaq olmaz. Həmin şəxslər bu vəzifələrə savadına, əvvəlki fəaliyyətinə görə gətirilmişdi. Bu adamlar müəyyən vəzifə tutduqdan sonra hansısa neqativ hallara yol verirsə, əliəyrilik edirsə, burada başqa günahkar axtarmağa lüzum yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində də bu kimi hallara rast gəlinir, heç bir dövlət rüşvət və korrupsiya bəlasından sığortalanmayıb. Digər tərəfdən, Prezident neqativ hallara yol verən bu şəxslərin əməllərinə görə cəzalandırılması, həbs edilməsi haqda qəti göstəriş verib. Yəni Prezident bu şəxsləri o vəzifəyə həbs etmək üçün qoymayıb ki! Həmin şəxslər müəyyən vəzifəni icra etmək üçün o posta gətiriliblər. Təəssüf ki, ölkə başçısının onlara verdiyi bu şansı, dövlətə, vətəndaşa xidmət kimi şərəfli bir işi dəyərləndirə bilmirlər və nəticədə cəzalandırılırlar”.

Millət vəkili vurğulayıb ki, Prezidentin önəm verdiyi əsas məsələlərdən biri də dövlət orqanlarında əxlaqlı, peşəkar və vətəndaşlara xidmət edə bilən kadrların yer almasıdır:

“Çünki məhz bu keyfiyyətlərə malik kadrlar Prezidentin start verdiyi böyük islahatları həyata keçirə bilər. Bu mənada xalqın cibində gözü olmayan, əxlaq və mənəviyyat çərçivəsində vəzifəsini yerinə yetirən peşəkar kadrlarla idarəetmənin zənginləşdirilməsi bizim dövlət olaraq güclənməyimiz deməkdir. Bu güclənmə iqtisadiyyatımızın daha da inkişaf etməsi və xalqın rifahının daha da yaxşılaşması prosesinə təkan verəcək. Buradan biz bir daha görürük ki, Prezidentin keçirdiyi islahatlar birbaşa xalqın mənafeyinə hesablanıb, islahatların mərkəzində də xalq rifahə, dövlətimizin maraqları dayanır”.

Q.Paşayeva ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan əməliyyatlardan sonra vəzifəyə gətirilən şəxslərin xalqa layiqincə xidmət edəcəklərinə inandığını vurğulayıb:

“Ölkədə gəncləşmə siyasəti aparılır, hətta 30-35 yaşlı kadrlar dövlət orqanlarında önəmli vəzifələrə gətirilirlər. İnanıram ki, bu enerjili, savadlı və əxlaqlı kadrlar öz sələflərinin nöqsanlarına yol verməyəcəklər və Prezidentin siyasi kursuna dəstək olaraq, ölkəmizin daha möhkəm dayaqlar üzərində dayanmasına töhfə verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir