AKTUAL manset

“Mədəniyyət Nazirliyinin acınacaqlı duruma düşməsində Əbülfəs Qarayevin rolu danılmazdır” — Deputat naziri “TOPA TUTDU”

Sharing is caring!

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Mədəniyyət Nazirliyinin fəaliyyətini sərt tənqid edib. 

Fəzail Ağamalı Xəbəral.az-a açıqlamasında bildirib ki, bu qurumun yüksək vəzifəli məmurlarının cinayət əməllərindən mədəniyyət naziri kimi Əbülfəs Qarayevin xəbərsiz olmasını düşünmək sadəlövhlük olardı:

“Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində bəzi yaramaz icra başçılarının korrupsiya əməllərindən və qanunsuz hərəkətlərindən söz açaraq, onlara qarşı ciddi tədbirlər görüləcəyini bildirdi. Eyni zamanda söylədi ki, bu cür hallar bir sıra mərkəzi icra orqanlarında da var və bununla bağlı araşdırmalar gedir.

Təbii ki, cəmiyyətimiz Prezidentimizin bu çağırışından sonra Dövlət Təhlükəsizliyi Xidmətinin növbəti arzulanan əməliyyatını gözləyirdi. Artıq çox keçmədən məlum oldu ki, mədəniyyət nazirinin müavini və həmin nazirliyin tabeliyində olan ciddi bir idarənin rəhbəri qanunsuz hərəkətlərlə məşğul olur, rüşvət və korrupsiya burada adi hala çevrilib. Şübhəsiz ki, bu qurumun yüksək vəzifəli məmurlarının cinayət əməllərindən mədəniyyət naziri kimi Əbülfəs Qarayevin xəbərsiz olmasını düşünmək sadəlövhlik olardı”.

Deputat qeyd edib ki, Mədəniyyət Nazirliyinin himayəsində olan bir çox tarixi və mədəniyyət abidələrimiz məhv olmaq ərəfəsindədir:

“Çox ciddi sahəyə rəhbərlik edən Əbülfəs Qarayevin uzun illərdən bəri fəaliyyətinə diqqət yetirək. Faktiki olaraq, nazirliyin himayəsində olan bir çox tarixi və mədəniyyət abidələrimiz məhv olmaq ərəfəsindədir. Dəfələrlə bununla bağlı kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub. Lakin Mədəniyyət Nazirliyinin bu baxımdan hər hansı reaksiyasının şahidi olmamışıq.

Vaxtilə yüksək səviyyəli kino ənənələri olan bir ölkənin kinosu çox pis vəziyyətə salınıb. Bir sıra telekanallarda nümayiş etdirilən seriallar da çox qeyri-peşəkar hazırlandığı üçün tamaşaçıların diqqətini cəlb etmir”.

 

 

F.Ağamalı deyib ki, Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu dövrdə görülən işlərlə Əbülfəs Qarayevin fəaliyyətini müqayisə etmək belə mümkün deyil:

“Ədalət naminə deyək ki, Polad Bülbüloğlunun dövründə mədəniyyət sahəsində kifayət qədər uğurlar var idi. Həmin illərdə Mədəniyyət Nazirliyinin büdcəsinin çox məhdud olmasına baxmayaraq, dövrün tələblərinə uyğun olan ciddi, baxımlı və peşəkar filmlər çəkilirdi, Azərbaycan mədəniyyəti daha geniş şəkildə dünya miqyasında təbliğ olunurdu. Ancaq bu sözləri Əbülfəs Qarayevin dövrü haqqında söyləmək mümkün deyil. Hər kəsə bəllidir ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində Mədəniyyət Nazirliyinin funksiyasını Heydər Əliyev Fondu yerinə yetirməkdədir. Bu gün Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun səyləri və əməyi nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti dünyada yüksək səviyyədə təbliğ olunur, dünyanın maddi-mədəni irsi sırasına daxil edilir.

Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov, Rəşid Behbudov və digərləri kimi nüfuzlu və dünyada tanınan incəsənət xadimləri yetişdirib. Axı nə üçün belə görkəmli şəxsiyyətlərimiz indi yetişmir? Bu gün gənc nəsil bəstəkarlarımızın musiqilərinə baxın, ciddi və Azərbaycanı dünyada tanıdacaq musiqi əsərləri yoxdur. Hanı Cavanşir Quliyev, Eldar Mansurov, Vaqif Gərayzadə kimi peşəkar bəstəkarlarımız? Nədən bu ənənələrə son qoyuldu? İstedadlı gənc musiqiçilərimizə normal şərait yaradılmadığı üçün onların səsini biz xarici səhnələrdən eşidirik. Mədəniyyət Nazirliyi təkcə müğənnilərə layiq oldu, olmadı fəxri adlar verməklə kifayətlənməli deyil”.

Deputat vurğulayıb ki, Mədəniyyət Nazirliyinə hər il dövlət büdcəsindən 300 milyondan çox vəsait ayrılsa da, ancaq həmin vəsait təyinatı üzrə xərclənmir:

“Kitabxanaların, mədəniyyət evlərinin vəziyyətinə baxın, görün hansı vəziyyətdədir. Bütün rayonların mədəniyyət evləri, kitabxanaları bərbad vəziyyətdədir. Baxmayaraq ki, Mədəniyyət Nazirliyinə hər il dövlət büdcəsindən 300 milyondan çox vəsait ayrılır. Görünən odur ki, həmin vəsaitlər təyinatı üzrə xərclənmir və yaxud mənimsənilir.

Deputatı olduğum Salyan və Neftçala rayonunda bütün mədəniyyət evlərinin təmirə ciddi ehtiyacı var. Bununla bağlı bir neçə il öncə nazirliyə müraciət etsəm də, nəticəsi olmadı.

Tarixi abidələrimizi yerlə yeksan edən erməni vandallarının vəhşilikləri Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq səviyyəyə çıxarılmır, dünyanın aparıcı təşkilatlarının diqqəti buna yönəldilmir, konfranslar, dinləmələr və müzakirələr aparılmır.

Musiqi məktəblərinin də vəziyyəti ürəkaçan deyil. Muğam sənəti də az qala unudulmaqda idi. Yenə də Mehriban xanım Əliyevanın əməyi və diqqəti nəticəsində muğam sənətimiz yenidən dirçəldi.

Nazirliyin belə bir acınacaqlı duruma düşməsində və korrupsiya yuvasına çevrilməsində nazir kimi Əbülfəs Qarayevin yeri və rolu danılmazdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir