AKTUAL manset

“Yardımlaşmanı reklama, divident qazanmağa çevirməyin…” – deputatdan etiraz

Sharing is caring!

Xüsusi karantin rejimi tətbiq edilməsi səbəbindən evdən çıxa bilməyən ahıl insanlara, işsiz, aztəminatlı ailələrə dövlətlə yanaşı, ayrı-ayrı şəxslər tərəfindın də yardımlar edilir. 

Bu günlərdə bəzi şou adamları, idmançılar, sosial şəbəkələrdə tanınanlar da kampaniyaya qoşulublar. Lakin onların bir çoxunun davranışları tənqidlə qarşılanır.

Çünki bunu bəlağətli, ikrah doğuran şəkildə həyata keçirir, reklama çevirir, insanların gözündə özlərini qəhrəman kimi göstərməyə çalışırlar.

Özəlliklə, Ata Abdullayev, Bayram Nurlu, Rəqsanə, Kamil Zeynallı, Tolik və digərlərinin etdiyi yardımla paralel rəftarları tənqid edilir.

Onların davranışlarından belə görüntü yaranır ki, hökumət heç bir addım atmır, insanların əlindən tutmur və yalnız bu cür tanınmışlar xeyirxah əməlləri ilə ürək qızdırırlar, canıyananlıq edirlər, xalqın dadına çatırlar.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Musavat.com-a bildirdi ki, kimsə xeyirxah addım atarkən bundan divident götürəcəyini fikirləşməməlidir.

Deputatın sözlərinə görə, Azərbaycan dövləti tərəfindən yaranmış vəziyyətlə əlaqədar olaraq ən yüksək səviyyədə sosial proqramlar həyata keçirilir.

“Bura maaşların ödənilməsi, ünvanlı sosial yardımların verilməsi, işsizlərin yardımla təmin edilməsi, 50 min ictimai iş yerinin açılması və 250 manatdan əmək haqqı verilməsi qərarına gəlinməsi daxildir.

Bütün bunlar dövlət səviyyəsində atılan adımlardır ki, vətəndaş pandemiya dövründə problemlə üzləşməsin, çətin vəziyyətə düşməsin”, – deyə F.Ağamalı vurğuladı.

Fəzail Ağamalı

Deputat qeyd etdi ki, əslində, dövlət həmişə bu addımları atıb, sosialyönümlü siyasət yürüdüb: “İndisə fərqli situasiyla yaranıb, karantin dövrüdür və görülən işlər ən yüksək pillədə həyata keçirilir.

Eyni zamanda ayrı-ayrı qurumlar, təşkilatlar, imkanlı şəxslər də prosesə qoşulublar, ahıl, kasıb ailələrə yardım edirlər. Bu, yaxşı haldır, nəcib əməldir.

Ancaq çox istərdim ki, imkanlı adamlar xeyirxah əməlləri görərkən qabardılmasın, reklam xarakteri daşımasın.
Yeri gəlmişkən, partiyamızın Bərdə təşkilatının sədri etdiyi yardımı videoya çəkib yayması ilə bağlı tərəfimdən tənbeh olunub.

Partiyamızın mətbuat xidməti isə insanlara yenə də yardımların olunması barədə mediada ümumi bir xəbər yayıb. Biz informasiya şəklində çatdırdıq ki, xeyirxah işlərdə Ana Vətən Partiyası da var”.

F.Ağamalı hesab edir ki, bütün yardımlar “evdə qal” aksiyası formasında olmalıdır: “Bu ad altında kampaniya aparılsa daha yaxşıdır.

Bu gün səs-küylü, insanları qıcıqlandıran video çarxların qoyulmasına, bunun reklam formasında qabağa verilməsinə ehtiyac yoxdur.

Bu bir xeyirxah işdir, ortada səmimiyyət var. Belə bir təmənnasızlıqdan divident qazanmasına yol verilməməlidir.

Ahıl, imkansız insanlara həm dövlət, həm imkanlı şəxslər tərəfindən yardım olunması vətəndaş həmrəyliyinin ifadəsidir. Biz çalışmalıyıq ki, etmiş olduğumuz addım gözdən düşməsin, dəyərini itirməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir