AKTUAL manset

Kimin nəyə gücü çatırsa, kömək edin – İlham Əliyev

Sharing is caring!

Həssas təbəqənin qorunması, – bu barədə siz məlumat verdiniz, – hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik. Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir.

XəbərAl.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışında deyib.

“Qeyd etdiyiniz kimi, biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı, həssas təbəqədən olan tələbələrə, siz qeyd etdiniz, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın.

Kommunal ödənişlərlə bağlı güzəştlər edilibdir. Hesab edirəm ki, pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışı üçün çox ciddi kömək olacaqdır.

Eyni zamanda, biz ilin əvvəlində nəzərdə tutulmuş proqramları da yaddan çıxarmamalıyıq. Bu haqda mən artıq giriş sözümdə dedim. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi – biz ilin sonuna qədər bu istiqamətdə də 1500 mənzilin verilməsini təmin etməliyik”, – Prezident qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir