AKTUAL manset

Sərdar Cəlaloğlu: “Tapşırıqları Əli Həsənovdan alırdım” – SENSASİON AÇIQLAMA – YENİLƏNİB

Sharing is caring!

Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü.

XəbərAl.az xəbər verir ki, bunu Hurriyet.org saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının da səbəbini açıqlayıb:

“Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir”.

Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: “Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm”.

XəbərAl.az xəbər verir ki, “Hürriyyət” qəzeti Sərdar Cəlaloğlunun qalmaqallı xəbərinə reaksiya verib

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun hurriyyet.org saytında yayımlanan “Tapşırıqları Əli Həsənovdan alırdım” başlıqlı qalmaqallı yazı ilə bağlı məsələyə aydınlıq gətirilib.

Hürriyet.orq saytının təsisçisi Vüqar Məmmədov yayılan materialla bağlı yaydığı bəyanatda bildirib ki, bu, təxribatdır. “Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub”.

Saytın Baş redaktoru Anar Həsənli də oxşar bəyanat verərək, bildirib ki, sözügedən material redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib.

Qeyd edək ki, xəbərin sensasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda yayımlanması materialın digər mətbuat orqanlarında, o cümlədən KONKRET.az-da yayılmasına səbəb olub.

Xatırladaq ki, adıçəkilən materialda Sərdar Cəlaloğlunun dili ilə uzun illər Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovdan tezislər aldığı qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir