AKTUAL manset

Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI

Sharing is caring!

“Biz Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayırıq. Amma öz ölkəsində həm ictimai-siyasi, həm iqtisadi, həm də bütövlükdə bir vətəndaşlıq sahəsində ciddi nümunələr göstərə, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən  vətənini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik”.

XəbərAl.az  xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O qeyd edib ki,  bəzi müxalif partiyaların, o cümlədən onların müxtəlif nümayəndələrinin bu işlə məşğul olduğunu çoxdan bilirdilər:

“Biz bunu dəfələrlə bəyan edirdik. Ancaq təəssüf ki, bəzi müxalifət partiyaları bunu etiraf etmirdilər ki, nəyə görə onların fəaliyyəti ilə bağlı uydurma arayış hazırlamaqla xaricə göndərirdilər? Onların orada yaşadığı həyat tərzini də, qaçqın kamplarında yaradılan şəraiti də bilirdik.
Azərbaycan dövlətinin dəyanətli, dəyərli bir vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər şeyi edir və edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar özlərinin layiqli cəzasını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları Azərbaycan dövlətinin və respublikanın sağlam qüvvələrinin, dövlətçiliyin ətrafında sıx birləşəcəklər”.

Prezidentin köməkçisi həmçinin, mühacirlərin ölkəyə qaytarılmasından sonra onların  müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, bunların heç bir əsası yoxdur:

“Əlbəttə, onların hər birinin fəaliyyəti Azərbaycanda araşdırılır, araşdırılacaq. Kim hansı yolla ölkəni tərk edibmiş, kim xarici ölkələrə hansı adla gedib müəyyən olunandan sonra Azərbaycan vətəndaşlarının hər biri üçün – yaxşısı, pisi, nümunəvi ya qeyri-nümunəvi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmə şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövləti prezident İlham Əliyevin siyasətinin təməlində insan, vətəndaş amili və onun maraqları dayanır. Ona görə, Azərbaycana qayıdan, qaytarılan o insanların hər birinin gələcək həyatını qurması üçün lazımi şərait yaradılacaq, dəstək veriləcək. Cinayət törətmiş – cinayətin törədilməsində qrup halında və ya şəxsi formada iştirak etmiş insanlara qaldıqda isə onlarla bağlı müvafiq olaraq hüquq-ühafizə orqanları araşdırma aparır. Nəinki təkcə bizim hüquq-mühafizə orqanları, o cümlədən gördüyünüz kimi Almaniyanın, Fransanın, Avropanın hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşmış insanlar da layiqli cəzalarını alacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir