AKTUAL

Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək”  və dağılmaq təhlükəsi də az olar

Sharing is caring!

Azərbaycan ailəsi və milli dəyərlər
Hazırda dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, müasirləşməsi məsələsi ortaya çıxıb. Qərb mədəniyyətinin cəmiyyətimizə ayaq açması gənc nəsildə fərqli düşüncə və həyat tərzi formalaşdırır. Bir neçə il öncə Azərbaycanın ailə modelini öyrənən avropalı mütəxəssislər bu məsələdə onlardan daha çox irəli getdiyimizi bildirib bu modeli elm kimi öyrənməyi düşünürdülər. Avropalı mütəxəssislər Azərbaycan ailələrində ana sevgisi və şəfqətinin hünərindən ağızdolusu danışır, azərbaycanlı qadınını ailədəki bu qədər üstün nüfuzuna görə təbrik etmişdilər.
Ailə – cəmiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə şərait yaradacaqdır. Amma əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında qurularsa, təbii ki, qeyri-insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Bu baxımdan ailədə əxlaq davranışlarını üç əsas hissəyə bölmək olar:
Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır.
Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin bir nüvəsi isə, demək, ilk əvvəl təmiz cəmiyyətin toxumları da burada atılacaq. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə  çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötütməsi sual altındadır.

Milli və mənəvi dəyərlərdən hər gün birinin qloballaşmanın  pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə ailə mühitlərində yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır. Sevgi, hörmət və güvən, ümumi mənafe yerinə qısqanclıq, ikiüzlülük, xəyanət, eqoizm kimi mənfi davranışlar ortaya çıxır. Sədaqət, ədalət, şəfqət və mərhəmət hisləri itdikcə, fərdlərin bir yerdə sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da mümkün olmur. Belə olduğu şəraitdə,  ana- ata keçmişə nisbətdə uşaq təhsilində və millətini təmsil etdiyi mövqedə daha çox məsuliyyət hiss etməyə məcburdur. Ailə təşkilatının cəmiyyətin ən təsirli formalaşdırıcı mövqeyinə yüksəlməsi səbəbi ilə ailənin bu məsuliyyətli vəzifəni icra etməsi üçün dövlət dəstəyi indiki vaxtda hər zamankından daha çox əhəmiyyət kəsb edir. Millət olaraq, əvvəlcə ailədən başlamaq üzrə, bəşəri dəyərləri milli və mənəvi dəyərlərdə yoğurub, keçmişindən və milli şəxsiyyətindən almış olduğu güclə gələcəyə etibarla baxan fədakar və əzmli, ənənələrə sadiq, eyni zamanda qul psixologiyasından uzaq-demokratik prinsiplərə sahib, sevgi və ədalət duyğusu uca olan gənclər yetişdirmək prioritetimiz olmalıdır. Hər şeyin maddiləşdiyi bir zamanda “təmiz cəmiyyət” quruluşunu yaratmaq üçün təpədən dırnağa əxlaqi, mənəvi mənada bir təmizlənməyə ehtiyacımızın olduğu şübhəsizdir.


Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək”  və dağılmaq təhlükəsi də az olar. Bəs ailə qurarkən hansı şərtlət önəmlidir?
Ailə sevgi üzərində qurulmalıdır, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır, nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni  səviyyələri üst-üstə düşməlidir, sosial statusları, iqtisadi durumları uyğun olmalıdır və s.
Hər kəsə xoşbəxt ailə nəsib olsun. Müqəddəs vətənimizi və ailəmizi qoruyaq!
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi

Qeyd: Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir. .

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir