AKTUAL Manşetüstü

Çiynində yəhudi başı gəzdirən AZƏRBAYCANLI

Sharing is caring!

Muştuluğumu ver, ay qardaş, oğlunuz olub

Sentyabrın 28-i mənim ad günümdür. Yuxarıdakı şəklə diqqətlə baxsanız, görərsiniz ki, mən 1959-cu il təvəllüdlüyəm. Amma mənə 40-dan çox yaş vermək olmaz. Mənim cavan qalmağım abırsızlıqla bağlı məsələ deyil. Elə olsaydı, gənc şair Qulu Ağsəs “Bu adam özü abırlı olsa da, qələmi çox həyasızdır” kəlməsini işlətməzdi. Düzdür, mən şairin həmin fikri ilə qətiyyən razı deyiləm. Çünki, mənim qələmim də özüm kimi həmişə başıaşağı olub və günlərlə cibimdə başıaşağı vəziyyətdə qalsa da, səsini çıxarmayıb. Mənim cavan görünməyimin geneloji (rəbbim, belə bir söz varmı görən) məsələdir. Üzeyir Hacıbəyovdan 10 gün sonra doğulduğum üçün fəxr edirəm. Dünya binə olandan sentyabrın 28-də nə zəlzələ, nə daşqın, nə sunami, nə tufan, nə də seçki olub. Mən bunu Allahı bir bilən kimi bilirəm.

Dünyaya doğum evində gəlmişəm. Ona görə də, Vaqif Səmədoğlunun “Bu şəhərdə bir küçə var, üç addım o yana, üç addım bu yana” şeiri sanıramki, mənim dünyaya gəlməyimə həsr olunub. Mən doğulanda Mingəçevir Su Elektrik Stansiyası fəaliyyət göstərdiyindən gözümü dünyaya açanda hər yeri işıqlı görmüşəm. Bir tərəfdən də Sovet hökuməti Allaha qarşı mübarizə apardığından qulağıma azan səsi yox, atamdan muştuluq istəyən mamaçanın səsi gəlib. Bütün bəşər övladı kimi, mən də doğulan kimi mamaça yanıma bir şapalaq vurub ki, ağlayım və səsim açılsın ki, ciyərlərim işə düşsün, qursağım genəlsin və mən adam kimi fəaliyyətə başlayım. Yadımdan çıxmamış deyimki, bu yaşa qədər mamaçanın şapalağından başqa ayrı bir şapalaq yeməmişəm. Çünki, sakit və başıaşağı adamam. Özüm haqqında bir məqamı diqqətinizə çatdıra bilərəm ki, gərək məndən çəkinəsiniz: mən qatığın qara olmasını sübut eləməyi bacarıram. Ateist olsam da, Allahsız deyiləm. Bu fikirdəyəm ki, Allah-təala ateistləri öz demokratik imicini qorumaq üçün yaradıb.

Çoxlu lətifə bilirəm. Bir çox lətifələri isə özüm düzəltmişəm. Mən bunun yollarını araşdırmışam və lətifəşünaslıqda heç bir yəhudidən geri qalmaram. Belə desək, mən ciynində yəhudi başı gəzdirən azərbaycanlıyam. Ona görə də fəxr edirəm ki, Azərbaycanda məndən bir dənədi. İlandan, türmədən və ölümdən başqa heç nədən qorxmuram. Hərçəndi, axır vaxtlar küçə itlərini görəndə çimçəşirəm və məcbur olub Hacıbala müəllimin arxasınca danışıram ki, niyə “vintovka” götürüb bu itləri qanına qəltan eləmir. Bəlkə, bu məsələdə Avropa Şurasından çəkinir?

Mən bu yaşına qədər dörd prezidentlə “işləmişəm”. Heç birindən ziyan görməmişəm. Başqalarını deyə bilmərəm, məndən ötrü onların hamısı demokratik adamdı. Nə istəmişəm, necə istəmişəm, yazmışam. Amma işin tərsliyindən onlarla görüşməyə imkan olmayıb ki, “sayın prezidentim” deyib əllərini sıxam. Ağlıma gələni yazmaq hərdən məni problem qarşısında qoyub. Bir dəfə məni bir nəfərlə tanış elədilər. Üzümə baxıb-baxıb dedi: mən sizi başqa cür təsəvvür eləyirdim. Cavab verdimki, yəni “şut” kimi, hə?
O da boynuna aldı ki, hə. Bax, onda mənim məşhur kəlamlarımdan biri yarandı: əmioğlu, şut ayrı, şutnik ayrı. Ardınca da mən kişi bətnimdən “Əgər şəxs yalnız bir nəfəri güldürməyə çalışırsa, deməli o təlxəkdir” kəlamını dünyaya gətirdim.
Bir dəfə də qonşunun qızı bizə düşüb məndən Xocalı faciəsinə aid anekdot yazmağı xahiş edib.
Tarix üçün deyirəm: barəmdə ən yaxşı yazıları Qurban Yaquboğlu yazıb və mən bunu heç vaxt unutmayacağam. Qurban Yaquboğlu ilə mənim dostluğum möminlə ateistin ən bariz sintezidir. Biz bir-birimizə mane olmuruq və bir-birimizin daxili işinə qarışmırıq.

Etiraf edim ki, böyük həsrətlə 50 yaşımın tamam olacağı günü gözləyirəm. Nəsə elə bir ümiddəyəm ki, 50 yaşımda mənə “Şöhrət” ordeni verəcəklər. Əslində, bu orden mənə ana südü kimi halaldır. Əgər bir vaxtlar vətənimizin istiqlaliyyətinin əleyhinə çıxanlara “İstiqlal” ordeni verilirsə, mənə niyə “Şöhrət” ordeni verilməməlidir?!
Hərdən fikiləşirəm: mən bundan artıq nə etməliyəm ki, “Şöhrət”lənim?
Bax, beləcə, fikirləşə-fikirləşə, düşünə-düşünə, yaza-yaza yaşayıram. Heç kimə bir qəpik borcum yoxdu. Pula əl çirki kimi yox, yonca yarpağı üstündəki şeh kimi baxıram: axşam şeh düşür, səhər günəş dəyən kimi buxarlanır…Sonra yenə…sonra yenə…

Həyat da elədi…

Tamam yadımdan çıxmışdı. Donuz ilində anadan olduğumdan 2007 mənim ilimdir. İlin başa varmağına hələ 3 ay var. Mən biləni yaşamağa dəyər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir